Ölkə prezidentinin bir müddət öncə - aprelin 14-də imzaladığı sərəncamla Məcnun Qadir oğlu Məmmədov Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri təyin edilib.
Qeyd edək ki, mətbuat yeni nazir haqqında bəzi məlumatları ictimaiyyətə təqdim etsə də, onun təvəllüdü, doğum yeri - tərcümeyi-halı, ali təhsili müfəssəl şəkildə açıqlanmamışdı. Sosial şəbəkələrdə Məcnun Məmmədov haqqında natamam məlumatların tirajlanması, onun kənd təsərrüfatı sahəsinə yad məmur kimi təqdim olunması bəzi müzakirələrə səbəb olmuşdu.
HİT.az modern.az-a isrinadən nazir olaraq fəaliyyətə başlayan Məcnun Qadir oğlu Məmmədovun daha təfsilatlı dosyesini oxucuların diqqətinə çatdırır.
Məcnun Qadir oğlu Məmmədov 15 sentyabr 1983-cü il tarixində Zəngilan rayonunun Mincivan qəsəbəsində anadan olub.
2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Mühasibat uçotu və audit ixtisası üzrə bakalavr təhsili alıb.
2004-2006-cı illərdə Pakistanın İdarəetmə Elmləri üzrə Lahor Universitetində Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistr təhsili alıb.
Əmək fəaliyyətinə 2002-ci ildən qida sektorunda başlayıb.
2006-2007-ci illərdə hərbi xidmətdə olub.
2007-2010-cu illərdə audit, vergi, risk məsləhətləri və maliyyə məsləhətləri xidmətləri şirkəti olan “Deloitte & Touche” LLC-də Maliyyə Məsələhət Xidmətləri üzrə məsləhətçi kimi fəaliyyət göstərib.
2010-2011-ci illərdə “AER” MMC-də çalışıb.
2011-2015-ci illərdə “Modern Group of Companies” MMC-də Biznesin inkişafı üzrə direktor, İdarə Heyətinin üzvü olub.
2017-ci ildə Amerikan Xüsusi Biznes və Təcrübə Təlimi Proqramı (SABIT) üzrə Aqrobiznesdə İnnovasiya və Effektivlik mövzusunda təlim proqramını müvəffəqiyyətlə bitirib.
2015-2018-ci illərdə “PMD Group” MMC-də Satış, Marketinq və Biznesin inkişafı, İnvestisiya və Biznesin inkişafı üzrə direktor vəzifələrində çalışıb, Kənd təsərrüfatı portfeli üzrə icraçı direktorun birinci müavini olub.
2018-2023-ci illərdə “Agro Food Investments” MMC-nin İdarə Heyətinin sədri, Baş icraçı direktoru vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 aprel tarixli Sərəncamı ilə kənd təsərrüfatı naziri vəzifəsinə təyin edilib.
İngilis, türk və rus dillərini bilir.
Evlidir, 2 övladı var.