“Sosial müavinətlərlə pensiyaların artımı barəsində bir sıra deputatlar danışsa da, bu artım fərqli olur”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.
O, yaxın perspektivdə sosial müavinətlərlə yanaşı, minimum əməkhaqqı və pensiyalarda gözlənilən artımlardan söz açıb.
Xatırladaq ki, Milli Məclisin deputatı Naqif Həmzəyevin sözlərinə görə, vətəndaşlar büdcəyə edilmiş dəyişiklikləri müsbət şəkildə hiss edəcəklər.
Öz növbəsində, X.Kərimli söyləyib ki, biz ötən il də bu artımı müşahidə etdik:
“Bu kimi artımlar gələn ilin dövlət büdcəsində nəzərdə tutulur. İl ərzində biz danışırıq, müzakirə edirik, gözlənilən faizlər haqqında məlumat veririk, amma artımlar və hər zaman qərar ilin əvvəlində olur. Yəni həm minimum əməkhaqqı, həm pensiyaların indeksasiyası, həm sosial müavinətlərin artırılması, həm də eyni zamanda pensiya kapitalı ilin əvvəlində olur”.
Mütəxəssis xatırladıb ki, hazırda 2023-cü ilin büdcəsi var:
“Ölkə Prezidenti də bildirmişdi ki, 3 milyard manat büdcəni artıracağıq. Amma, eyni zamanda da dövlət başçısının bu çıxışından sonra biz onu gördük ki, bu vəsait, əsasən, Şərqi Zəngəzurun və Qarabağın bərpasına gedəcək. Habelə milli təhlükəsizlik xərcləri, ordunun gücləndirilməsi və digər istiqamətlər də buraya daxil ediləcək. Digər istiqamətlər barəsində dəqiqləşdirmə aparılmadığı üçün biz bu artımın hansı sahəyə olacağını söyləyə bilmirik”.
İqtisadçının fikrincə, bu gün ölkədə növbəti büdcə ilinə start verilib:
“Ola bilsin ki, Naqif Həmzəyev bu məsələni dəqiqləşdirməyib ki, büdcə yenilikləri nə zaman gəlib və bu il pensiyalar artacaq, ya yox. Güman edirəm ki, artımlar olacaq, amma bu, olsa belə, 2024-cü ilin birinci rübündən qüvvəyə minəcək. Çünki minimum əməkhaqqı, yaşayış minimumu və sosial müavinətlər yeni dəyişilib”.
Ekspert hesab edir ki, ilin ortasında bu dəyişikliklər getməyəcək:
“Bunu da ötən illərin praktikasına əsaslandırıram. Çünki Azərbaycan hökuməti ilin ortasına bu cür dəyişikliklərə getmir. Yalnız ilin sonunda, növbəti ilin büdcə müzakirəsində bu qərarlar qəbul edilir. Ona görə də köhnə təcrübəyə əsasən, onu deyə bilərəm ki, bu artımlar yalnız növbəti il üçün qüvvəyə minə bilər”.
“Faizlərə gəldikdə isə ənənəvi olaraq son illərin vəziyyətinə baxanda görürük ki, hökumət bu cür qərarlar verəndə ölkədə inflyasiyanın səviyyəsini əsas götürür. Həm də ki, inflyasiyanın özü belə indeksasiya üçün bir əsasdır. Məsələn, pensiya kapitalının indeksasiyası inflyasiya səviyyəsinə əsaslanır. Yaxud pensiyaların özünün indeksasiyası orta aylıq əməkhaqqının artım faizinə əsaslanır. Hansı ki, bunların hamısı qanunla tənzimlənir. Yaşayış minimumu ilə ehtiyac meyarı isə ilin axırındakı konkret hesablamalarla müəyyənləşdirilir. Ona görə də bu artımlar əsasən, ölkədəki inflyasiya səviyyəsindən asılı olacaq. İndiki rəqəmlərə baxanda isə 10-15% rəqəmlərlə qarşılaşırıq”, - əlavə edib.
“Lakin millət vəkilinin bu barədəki çıxışlarını ümumi hesab edirəm. Prezidentin çıxışında da büdcə artımının, əsasən, Şərqi Zəngəzur və Qarabağın investisiyası üçün xərclənəcəyi fikrini əsas götürürəm. Məncə, bu artımlar da növbəti il olacaq.
Amma bir çox sahələr də oldu ki, minimum əməkhaqqı olsa da, onlarda artım olmadı. Onlar büdcənin reviziyası zamanı nəzərdən keçirilə bilər. Buna baxmayaraq, bu il ərzində pensiyaların, minimum əməkhaqqının və sosial müavinətlərin artırılacağını gözləmirəm. Bu, olsa da, gələn il olacaq, indi yox”, - fikirlərinin tamamlayıb.