Məşhur boya şirkəti məhkəməyə verildi

İQTİSADİYYAT
17:40 / 26.04.2023
678

Azərbaycanın sığorta bazarında əsas oyunçulardan olan “Azsığorta” Açıq Səhmdar Cəmiyyəti (ASC) “Sobsan” ticarət markası ilə boya satışını həyata keçirən “Rəmzi-S” MMC-nini məhkəməyə verib. 

HİT.Az xəbər verir ki, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın icraatındadır. 

İşin mahiyyəti barədə açıq mənbələrdə heç bir məlumat yoxdur. Ehtimal olunur ki, məhkəmə çəkişməsi sığorta öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlıdır. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “Rəmzi-S” MMC 15 noyabr 1999-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1 505 630 AZN-dir. Şirkətin qanuni təmsilçisi Allahverdiyev Orxan Rasim oğludur.

Şirkətin təsisçisi isə Cavid Səbzəliyevdir. Mediada “Sobsan”la bağlı tirajlanan materiallarda Səbzəliyevin keçmiş səhiyyə naziri Oqtay Şirəliyevlə qohum olduğu və şirkətin onun tərəfindən himayə edildiyi barədə iddialar yer alıb.

"Azsığorta” ASC 2006-cı ildə dövlət qeydiyyatına alınıb. ASC-nin nizamnamə kapitalı 20 300 000 AZN, qanuni təmsilçisi Soltanov Yusif Rəhim oğludur.

"Azsığorta” ASC fövqəladə hallar naziri Kəmaləddin Heydərovun şirkəti kimi tanınır. ASC-nin səhmlərinin 100 faizi İsmayılov Hikmət Abuzər oğluna məxsusdur. Hikmət İsmayılov isə Kəmaləddin Heydərovun bacanağıdır. O, eyni zamanda "AFB Bank”ın səhmlərinin 99 faizinə sahibidir.

Anar

0