Bakı metrosu deyəndə ağla gələn ilk təəssürat sıxlıq olur. Bunun mübaliğə olmadığını metrodan istifadə edən bütün sərnişinlər çox gözəl bilir. Axı necə də bilməsinlər? Çünki hər gün pik saatlarda bu problemi şəxsən yaşayırlar.
Lakin illərdir belə bir problemin mövcud olmasına və hər fürsətdə gündəmə gətirilməsinə baxmayaraq, nəticə dəyişmir. Sərnişinlər hər gün işə gedəndə də, gələn də sıxlıqla qarşılaşırlar. Hər dəfə neçə qatarı buraxmaq məcburiyyətində qalanlar və işə gecikənlər olur. Hətta bəzən sıxlıq o qədər çox olur ki, halı pisləşən və tibbi yardıma ehtiyac duyan insanlarla da qarşılaşa bilirik.
Lakin Bakı Metropoliteni sözün əsl mənasında bu istiqamətdə fəaliyyətsizlik nümayiş etdirir. İntervalı azaltmaq təklif olunsa da, lazımi mexanizm işə düşmür. Düzdür, qurumdan verilən rəsmi açıqlamalarda intervalın 2 dəqiqə olduğu söylənilir.
Ancaq pik saatlarda bu intervalın 4-5 dəqiqəyə qədər çıxdığını görürük. Nəzərə almaq lazımdır ki, sözügedən saatlarda sərnişinləri sayı çox olduğundan 30 saniyə belə sıxlığın yaranması üçün kifayət qədər böyük bir müddətdir. Bakı Metropoliteni isə problemi həll etmək əvəzinə, ona başqa aspektdən yanaşır. Stansiyaların giriş qapılarının sadəcə birini açmaqla, gələn sərnişinləri qapıda yubatmaqla və eskalatorların birini boş saxlamaqla eyni vaxtda qatar gözləyən insanların sayını azaltmağa çalışılır.
Nəticədə nə baş verir? Yenə də vətəndaşlar əziyyət çəkir. Normalda stansiyaya daxil olduqdan sonra iki dəqiqə ərzində qatara minməli olan sərnişin qapıda və eskalatorlarda dəqiqələrcə gözləmək məcburiyyətində qalır.
Bütün bu "sədləri" keçdikdən sonra isə böyük sıxlığın içərisində qatara minmək mübarizəsi başlayır. Bax, elə bu zaman ən azı 3-4 qatarı ötürmək məcburiyyətində qalan insanların keçirdiyi əsəbi görmək mümkün olur. Bəs qatara minəndə "macəra" bitirmi? Əlbəttə ki, xeyr! Təəssüf ki, vaqonların içində də problemlər davam edir.
Qatarda ayaq üstdə qalmağa çalışan kim, o sıxlıqda nəfəs almaq mübarizəsi aparan kim, çatdığı stansiyada düşmək üçün ciddi səy göstərən kim... Daha nələr, nələr... İşin ən pis tərəfi odur ki, bu saydıqlarım hər gün təkrarlanır, amma nə hikmətdirsə qarşsısı alınmır.
Əslində interval həqiqətən azaldırlarsa, bu problemlərin çox böyük əksəriyyəti öz həllini tapar. Amma səbəbi bəlli olmasa da, Bakı Metropoliteni bu addımı atmır. Sərnişinlərə normal xidmət vermək əvəzinə, sanki bir macəra təqdim olunur. Ancaq unutduqları bir şey var, insanlar macəra yaşamaq istəsə əyləncə mərkəzlərinə gedər, metroya yox...
Pərviz