Tanınmış türk iş adamı: "Azərbaycanda milyonlarla manat vergi ödəmişəm"

İQTİSADİYYAT
19:05 / 28.04.2023
512

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi tərəfindən məhkəməyə verilən tanınmış türk iş adamı Ercan Gunalp vergi borcunun olduğunu təsdiqləyib. 

O, Qaynarinfo-ya açıqlamasında bildirib ki, vergi borcu 12 min manat civarındadır və tədricən ödənilir. 

"Bu borc pandemiya ilə əlaqədar olaraq yaranıb. Tədricən ödənilir. Məhkəmədn sonra tam ödəniləcək. Mən bir iş adamı kimi Azərbaycanda çalışdığım bu illər ərzində dövlətə milyonlarla manat vergi ödəmişəm. Vergi orqanları ilə heç vaxt problemim olmayıb və bundan sonra da olmayacaq”, deyə Ercan Gunalp vurğulayıb. 

Türkiyəli iş adamı bildirib ki, o, 1992-ci ildən Azərbaycanda fəaliyyət göstərir və bir çox iri layihələrin müəllifidir:

"Hətta Azərbaycanda ailə quran ilk Türkiyə vətəndaşıyam. Bir çox layihələrə imza atmışam. Xüsusilə, restoran biznesinin inkişafında xidmətlərim olub. Fəaliyyətə "Universal” restoranı ilə başladıq. Daha sonra "Sinema klub”, "Bakı Əyləncə Mərkəzi”, "Avilla”, və "İzmir” restoranı inşa edildi. Sadalanan məkanlar sırasına "Flover”, "Jaz club” və bu dəqiqə adlarını xatırlamadığın 20-yə yaxın məkan qurmuşam. Keçmiş nazir, dostum Əbülfəs Qarayev deyirdi ki, sənin qurduğun hər məkan turizm üçün əhəmiyyətlidir”.

Ercan Gunalp adının dələduzluq olayında hallanmasına da aydınlıq gətirib. Türk iş adamı bildirib ki, onu dələduzluqda ittiham edən Zaur Məmişovun söylədiklərində həqiqət yoxdur:

"Əslində onun mənə borcu var. Bu məsələyə dəfələrlə aydınlıq gətirilib. Yəni, Zaur Məmişovun şikayətləri əsasında hüquq-mühafizə orqanlarına dəvət olunmuşam, ifadəm alınıb və görüblər ki, burada mənim hər hansı günahım yoxdur. Deyilənlər əsassız və böhtandır. Adımın belə mövzularda hallanması üzücüdür. Mənim Azərbaycanda çoxlu faydalı işlərim və xidmətlərim olub, arzu edirəm ki, adım bu işlərə görə çəkilsin”.

Ercan Gunalpın məhkəməyə verilməsi barədə məlumatı Qaynarinfo yayıb. Həmin yazıda türk iş adamının Qazaxıstanda yaşayan Zaur Məmişov adlı şəxs tərəfindən dələduzluqda ittiham olunması da qeyd edilib.

0