Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsi İstehsalat və avtomobil nəqliyyatı vasitələri üçün müxtəlif ehtiyat hissələri, avtoşin, şin kameri və akkumulyator batareyalarının satın alınması üzrə tenderə yekun vurub.
Qaynarinfo xəbər verir ki, tenderin qalibi fiziki şəxs Fərzəliyev Sabir Təvəl oğlu olub.
Nazirliyin idarəsi ilə Sabir Fərzəliyev arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 927 min 739 manat təşkil edir.
Həmin şəxsin hüquqi ünvanı kimi Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanı göstərilir.
Dövlət Satınalmaları ilə bağlı vahid elektron portalında yerləşdirilən məlumatlardan aydıın olur ki, Sabir Fərzəliyev son iki il ərzində müxtəlif dövlət qurumları ilə maliyyə dəyəri 3 milyon 478 min manatdan çox olan 15 müqavilə bağlayıb. Müqavilələr Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Qusar Kommunal Müəssələr Kombinatı, Respublika Gigiyena və Epidimiologiya Mərkəzi, Biləsuvar Suvarma Sistemləri, Ağdaş Rayon Pirəzə Suvarma İdarəsi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Samur-Abşeron Kanalının İstismarı İdarəsi və başqaları ilə bağlanıb. Bağlanan müqavilələrdə nəqliyyat vasitələrinin təmiri və sürtkü yağlarının alınması nəzərdə tutulub.
Sabir Fərzəliyev əsasən "Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tabeli qurumları maşın-mexanizmlər üçün ehtiyat hissələri, maşın mexanizmləri və nəqliyyat vasitələri üçün sürtkü yağları, nəqliyyat vasitələri və texnikalar üçün müxtəlif akkumulyatorlala və tikinti materialları ilə təchiz edir.
Sabir Fərzəliyev 2020-ci ildən, yəni hələ pandemiya dövründən 2022-ci ilin avqust ayına qədər 14 açıq tenderin qalibi olub və 3 107 637 manat məbləğində dövlət sifarişi alıb.
Bir müddət əvvəl mediada tirajlanan araşdırma materiallarında iddia edilir ki, Sabir Fərzəliyev 2010-cu ildən respublikanın şimal bölgəsində, Qusar, Xaşmaz, Quba, Şabran, Siyəzən, Xızı rayonlarının Mənzil Kommunal Təsərrüfatı Birliklərinin, Suvarma Sistemləri İdarələrinin əsas təchizatçısı olub. Son dövrlər isə respublikanın digər bolgələrində də fəaliyyətə başlayıb.
Sabir Fərzəliyevin keçmiş Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun ən yaxın adamı olması barədə də iddialar var.