Artıq iki aydan çoxdur ki, ölkəmizdə polietilen torbalar da ödənişlidir.
Bildiyiniz kimi, cari ilin 15 fevralında bununla bağlı müvafiq qərar verildi. Bu qərarın öncəsində də, sonrasında da kifayət qədər müzakirələr getdi. Əslində qərarın verilməsi təpki ilə qarşılansa da, vətəndaşlar "onsuz da, 3-5 qəpikdir" deyib keçdilər. Amma onların bu düşüncəsindən super marketlər maksimum şəkildə istifadə etdilər və hələ də buna davam edirlər. Belə ki, hansısa super marketdən alış-veriş etdiyiniz zaman kassada aldıqlarınızı maksimum çox sayda torbaya qoyurlar. Bunu müştəriləri düşündükləri üçün etmədikləri aydındır. Onların yeganə məqsədi daha çox sayda polietilen torba satmağa nail olmaqdır. Açıq danışmaq lazımdırsa, bunun öhdəsindən də "məharətlə" gəlirlər. İnsanların 3-5 qəpikdir deyib keçdiyi pulu marketlər ələ keçirməkdə olduqca israrlı davranırlar.
Super marketlər demək olar ki, hər böyük alış-verişdə ən azı 4 torba satmağı bacarırlar. Bu isə 20 qəpik pul edir. Sözügedən super marketlərdə təkcə hər saat yüzlərlə insanın bazarlıq etdiyini nəzərə alsaq, onların təkcə gün ərzində polietilen torba satışından kifayət qədər böyük pullar qazandığını görmək mümkün olar. Hələ bunun aylıq gəlirindən bəhs etmirəm belə. Əslində super marketlərdə satılan polietilen torbaların da, onların kommunal və digər xərclərinin də satılan malların qiymətlərinin üzərinə gəlindiyi heç kimə sirr deyil. Sadəcə olaraq 15 fevraldakı qərardan sonra super marketlər polietilen torbanı rəsmi şəkildə satış siyahına əlavə etdilər. Azərbaycandakı super marketlərin böyük əksəriyyəti bu qərardan sui-istifadə edərək, müştərilərə artıq polietilen torba satmağa çalışırlar. Kassirlərdən bunun səbəbini soruşduqda isə qərarın müdiriyyət tərəfindən verildiyini və bunu icra etməyə məcbur olduqlarını deyirlər.
Yaxşı olardı ki, hər kəsə alış-verişinə uyğun polietilen torbalar satılsın. Nəticədə burada da alış-veriş qaydaları keçərli olmalıdır. Əgər marketdən bizə lazım olandan artıq çörək, çay və ya digər məmulatlar almırıqsa, onda veşlərimizi daşımaq üçün 2 torba əvəzinə 4 torba da almalı deyilik...
Pərviz