Hər gün avtobusda qarşılaşdığımız problemlər...

İQTİSADİYYAT
20:41 / 01.05.2023
958

Bakının ən böyük problemlərindən biri də ictimai nəqliyyatla bağlı olan problemlərdir. Ötən dəfə sərnişinlərin Bakı Metropoliteni ilə bağlı narazılığından və qarşılaşdıqları çətinliklərdən bəhs etdim. İndi isə yerin altından yerin üstünə keçid alırıq. Yəni sərnişinlərin avtobuslarla bağlı problemlərindən danışacağıq.

Əmin olun ki, bu da metrodan geri qalmır və hətta üstələyir. Ən azından metronun qəzaya düşmə ehtimalı olduqca aşağıdır. Lakin bunu avtobuslarla bağlı demək mümkün deyil. Xüsusilə Bakıətrafı kənd və qəsəbələrdə fəaliyyət göstərən avtobuslar da sözügedən risk kifayət qədər yüksəkdir. Nəzərə almaq lazımdır ki, hər həftə və hətta hər gün qəzaya düşən avtobuslara rast gəlirik. Çünki həmin avtobuslar o qədər köhnə olur ki, getdiyi zaman dayanma, əyləncinin anidən işləməməsi, mühərrikinin dayanması və s. kimi onlarla problemin hər reysdə baş vermə potensialı var. Təəssüf ki, problemlər bunlarla da bitmir.

Sözügedən avtobusların içərsində rahatlıqdan söhbət belə gedə bilməz. Ona görə ki, sərnişinlər oturacaqlarının bəziləri olmayan, var olan oturacaqların isə istifadə müddətinin çoxdan bitdiyi göz qabağında olan avtobuslarla yola çıxmaq məcburiyyətində qalırlar. Həmçinin, bu sınıq-salxaq avtobusların qapısı da açıq gedir. Rəzalət bunun da kifayətlənmir. Belə ki, sərnişinlərin qapıdan sallanaraq yol getdiyi avtobuslara hər gün rast gəlirik. Bununla bağlı görüntülər tez-tez sosial şəbəkələrdə paylaşılsa və mətbuatda işıqlandırılsa da nəticə dəyişmir ki, dəyişmir. Ən yaxşı halda həmin avtobusun sürücüsü işindən azad olunur, yerinə onun kimi başqa biri gəlir. Məntiq və ağıl deyir ki, bu saydıqlarım heç yaşanmamalıdır. Amma çox əfsuslar olsun ki, texnologiyanın və dünyanın bu qədər inkişaf etdiyi bir dövrdə bizim paytaxtımızda hər gün belə hallarla qarşılaşırıq.

Baxın, şəhərin mərkəzində "Baku Bus"lar fəaliyyət göstərir. Çox gözəl! Etiraf etmək lazımdır ki, bu saydıqlarımın heç birinə "Baku Bus"larda rast gəlmirik. Orada hər şey çox gözəl təşkil olunub. Amma vətəndaşlar eyni diqqətin şəhərətrafı avtobuslara da ayrılmağını gözləyirlər. Demək olar ki, müəyyən qədər pulu olan bəzi insanlar bir avtobus xətti alır və oradan qazanc götürməyə başlayırlar. Həmin şəxslər hər gün çox böyük məbləğdə pullar qazansalar da, istifadə müddətinə yararsız və ucuz avtobusları xəttə buraxırlar. Axı bunu necə edə bilərsiniz? Siz o avtomobillərdə insan daşıdığınızı dərk edirsinizmi? Hər gün minlərlə insanın həyatının sizin xəttə buraxdığınız köhnə və xarab avtobuslardan asılı olduğunu anlamırsınız?

Əmin olun ki, bir dəfə xərc çəkib yaxşı avtobuslar alsanız yuxarıda sadaladığım şikayətlərlə qarşılaşmayacaqsınız. Madam ki, belə məsuliyyətli və insanların həyatına təsir edən bir işi etməkdə bu qədər israrlısınız, onda peşəkar şəkildə işinizi icra edin. Sizə görə hazırkı vəziyyətdə səhər evdən çıxan insanın axşam sağ-salamat qayıdıb-qayıtmayacağı sual altındadır. Çünki avtobuslarımız olduqca bərbad vəziyyətdədir. Sizdən son model, müasir avtobus və yaxud "Baku Bus" gözləmirik. Amma ötən əsrdən qalma, xarab avtobusların yenilərilə, ən azından normal vəziyyətdə olanları ilə əvəz olunmağını gözləyirik. Bu isə o qədər də mürəkkəb bir məsələ deyil.

Heç mübaliğə etmədən deyirəm ki, həmin avtobusları istehsal edən insanlar bəlkə də artıq həyatda deyillər. Hətta istehsalçı ölkələr belə həmin avtobusları artıq xətlərdən yığışdırıblar. Amma bizdə hələ də minlərlə insan onları hazırlayan firmanın belə unutduğu avtobuslarla işə gedib-gəlmək məcburiyyətində qalır. Könül istərdi ki, aidiyyəti qurumlar bu məsələni də diqqətdə saxlasınlar və ictimai nəqliyyatla bağlı sözügedən problemlərin həlli istiqamətində addımlar atsınlar. Tezliklə şəhərətrafı kənd və qəsəbələrdə yaşayan sərnişinlərin də yeni avtobuslarla işə gedib-gəlmələrinin təmin olunacağına ümid edirik...

Pərviz

0