İndi ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının prioritet istiqamətlərindən biri məhz yol infrastrukturunun müasir standartlara cavab verən səviyyədə yenidən qurulmasıdır. Bu prioritetin icrası məqsədilə Azərbaycan büdcəsindən hər il böyük həcmdə vəsaitlər ayrılır. Həmin vəsaitlər hesabına Azərbaycanda dünya standartlarına uyğun səviyyədə, yüksək keyfiyyətli avtomobil yolları salınır.
Son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib.
Hazırda işğaldan azad edilmiş ərazilərdə müasir yol-nəqliyyat infrastrukturunun yaradılması Prezident İlham Əliyev tərəfindən işğaldan azad edilmiş ərazilərin bərpası proqramı çərçivəsində əsas prioritetlərdən biri kimi müəyyən edilib. Çünki müasir yol-nəqliyyat infrastrukturu olmadan soydaşlarımızın həmin ərazilərə qayıtmasını təmin etmək, burada təsərrüfat fəaliyyəti aparmaq, ölkənin digər regionları ilə əlaqələr qurmaq, iqtisadi reinteqrasiya məsələlərini həll etmək mümkün deyil.
Bu gün Azərbaycan 2020-ci il İkinci Qarabağ müharibəsindəki qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu çəkir. Qarabağ münaqişəsinin həlli də regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradır. Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaq.
Azərbaycan dəhlizin açılması üçün avtomobil və dəmir yolu layihələrinin icrasını, demək olar ki, yekunlaşdırmaq üzrədir.
Azad olunan ərazilərdə ən böyük yol layihələrindən biri Füzuli rayonundan Şuşa şəhərinə çəkilən “Zəfər” yoludur. Uzunluğu 101 kilometr təşkil edən “Zəfər yolu” 2 hərəkət zolaqlı olmaqla ikinci texniki dərəcəyə uyğun inşa edilib. Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə “Zəfər yolu” Qarabağımızın tacı olan Şuşa şəhərinə qədər uzanır.
“Zəfər yolu”nun tikintisi artıq başa çatıb və Prezident İlham Əliyev 2022-ci il noyabrın 7-də Şuşaya səfəri çərçivəsində yolun açılışını edib. Bu yol Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun 149-cu kilometrindəki Əhmədbəyli kəndindən başlayır və Füzuli şəhəri, Böyük Tağlar kəndi, Topxana meşəsi və Daşaltı kəndindən keçərək Şuşa şəhərinə çatır.
Əvvəllər bu yol olmayıb. Vətən müharibəsində Azərbaycan əsgərinin canı və qanı bahasına açdığı cığırdı bu yol. Böyük Qələbədən 8 gün sonra - noyabrın 16-da qalib Sərkərdə kimi Füzuli və Cəbrayıla səfəri zamanı İlham Əliyevin “Zəfər yolu” adlandıraraq təməlini qoyduğu bu yolla indi qürurla irəliləyərək mədəniyyətimizin paytaxtı Şuşaya, Cıdır düzünə qalxmaq olur. Qüdrətli Azərbaycan dövləti 101.9 kilometrlik dağlıq ərazilərdən keçən yolu cəmi bir ilə çəkib başa çatdırıb.
İşğaldan azad edilmiş ərazilərdə icra olunan yol infrastrukturu layihələrindən biri də Toğanalı-Kəlbəcər-İstisu avtomobil yoludur. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun layihə uzunluğu 80.7 km təşkil edir. Yol Qarabağın inkişaf planı nəzərə alınmaqla 2-4 hərəkət zolaqlı olmaqla 1-ci və 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir.
Yolun Murovdağ silsiləsi hissəsində dağın altından 11.7 km-lik tunel tikilir. Murovdağ silsiləsindən sonra 2830 və 460 metr uzunluqlara malik daha 2 avtomobil tunelinin inşası da nəzərdə tutulur. Beləliklə yol boyu ümumi uzunluğu 15 km-ə yaxın olan 3 tunel tikiləcək. Tunellər bir istiqamət üzrə 2 hərəkət zolaqlı və 12 metr enində olacaq.
Azad olunan bölgələrdə sürətlə icra olunan daha bir yol layihəsi Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoludur. Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Cəbrayıl rayonu Şükürbəyli kəndindən keçən hissəsindən götürməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinə qədər uzanır. Tikintisi aparılan yolun uzunluğu 39.7 kilometrdir.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına dair Tədbirlər Planında, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-26-cı illər ərzində ümumi uzunluğu 2 264,5 km təşkil edən 20 avtomobil yolu layihəsinin və Laçın rayonunda Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar qazma-partlatma və torpaq işlərinin yerinə yetirilməsi nəzərdə tutulub.
Nəqliyyat sektorunun əsas rolu artmaqda olan tələbin təmin edilməsindən eyni zamanda, Azərbaycan Respublikası tərəfindən hazırlanmaqda olan sosial-iqtisadi inkişaf islahatları ilə uyğunluq prinsipləri ilə yanaşı addımlamasıdır. Dəyişən şərtlər nəqliyyat sisteminin inkişafı üçün əsas istiqamətlərin müəyyən olunmasını və nəqliyyatın inkişafı sahəsində dövlət tərəfindən müəyyən olunan vəzifələrin müəyyənləşdirilməsini zəruri edir.
Qeyd etmək istərdim ki, Azərbaycanda ötən il ərzində 803,5 km uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub. Bunun 234,3 km-i respublika əhəmiyyətli, 398 km –i yerli əhəmiyyətli, 171,2 km-i isə Bakı şəhər yollarıdır.
2020-2021-ci illərdə tikintisinə və yenidən qurulmasına başlamış Ucar, Qəbələ, Hacıqabul, Goranboy, Daşkəsən rayonları ərazisində yerləşən ümumi uzunluğu 191 km olan, 56,8 min nəfər əhalinin yaşadığı 35 yaşayış məntəqəsinin birləşdirən 5 kəndlərarası avtomobil yolu layihəsi, habelə Abşeron, Ağstafa, Biləsuvar, Saatlı, Yevlax, Qazax, Bərdə, Neftçala və Cəlilabad rayonları ərazisində yerləşən ümumi uzunluğu 111,5 km olan, 97,2 min nəfər əhalinin yaşadığı 32 yaşayış məntəqəsinin birləşdirən 9 kəndlərarası avtomobil yolu layihəsi 2022-ci ildə başa çatdırılaraq əhalinin istifadəsinə verilib.
Bundan əlavə, Yevlax şəhəri ərazisində Mingəçevir şəhəri ilə Yevlax Pilot Aqroparkını birləşdirəcək 9,3 km uzunluğunda avtomobil yolunun tikintisi, Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına Neftçala rayonu ərazisində uzunluğu 10 km olan Neftçala -Xol Qaraqaşlı-Şorsulu avtomobil yolunun 7-ci km-dən ayrılan Həsənabad-Neftçala və Bankə-Beştalı və Qax rayonu ərazisində uzunluğu 1,1 km olan Qaxbaş kəndi ərazisində avtomobil yollarının yenidən qurulması da başa çatdırılıb.
Ötən il Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsini təşkil edən, yük və sərnişin daşınmasında böyük rolu olan M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 53-119 km sahəsində, uzinluğu 66 km təşkil edən Quba-Bakı istiqamətindəki hərəkət hissəsinin deformasiyaya uğramış beton örtüklü yol geyimi sökülərək asfalt-beton örtük tikilməklə yenidən qurulması işləri də başa çatıb.
M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun (150 km, 4 hərəkət zolaqlı), “Ağ şəhər“ layihəsi çərçivəsində 8 Noyabr prospektində piyada körpüsünün, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 204-207-ci km-lik hissəsinin və Astaraçay çayı üzərində körpünün və Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun (Ağsu çayı ilə kəsişməsində yeni körpünün tikintisi ilə birlikdə) tikintisi işləri davam etdirilir.
Ölkə İqtisadiyyatı sürətli inkişafın növbəti mərhələsinə keçmiş, bazar iqtisadiyyatı şəraitində nəqliyyatın işinin hüquqi bazasının yaradılmasına, tələbə yönəlik, bazar iqtisadiyyatının tələblərini əks etdirən güclü fəaliyyətlərə üz tutmağa səbəb olub. Nəqliyyatda sektor islahatlarının tamamlanması vahid nəqliyyat siyasətinin formalaşması üçün stimul yaradıb. Vahid nəqliyyat siyasətinin hədəflərindən biri sub sektroların inteqrasiyasından və nəqliyyat xidməti bazarında həm birləşmiş həm də multi-modelli nəqliyyat sistemlərində bacarıqların artırılmasından ibarətdir