Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının keçmiş sədri Nadir Əliyevlə "Yasamal” idman-sağlamlıq klubunun direktoru Alik Həsənovun məhkəmə prosesi davam edir.
Qaynarinfo xəbər verir ki, hakim Fərid Namazovun sədrliyi ilə bu gün keçirilən prosesdə zərərəçəkmişlərdən birinin vəkili Aslan İsmayılov vəsatət qaldırıb. Vəkilin vəsatəti Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, deputat Səttar Möhbalıyevlə bağlı olub.
Aslan İsmayılov deputatın məhkəməyə çağırılmasını istəyib.
Maraqlıdır ki, vəsatəti zərərçəkmişlərlə yanaşı, müttəhimlər də müdafiə edib. Onlar bildirib ki, baş verənlərdə Səttar Möhbalıyevi ittiham ediblər.
Vəsatətə müzakirəyə çıxarılmayıb. Səbəb isə iş üzrə dövlət ittihamçısının dəyişdirilməsi olub.
Prokuror işlə tanış olmadığını bildirib. Bu baxımdan hakim prosesi mayın 24-nə təxirə salıb.
Baş Prokurorluğun yaydığı məlumata görə, Nadir Əliyevlə Alik Həsənov Bakının Yasamal rayonunda "Məhsul” stadionununu satmaq adı ilə sahibkarlara məxsus pul vəsaitlərini ələ keçirib.
Onlara qarşı Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) və 32.4, 312.2-ci (rüşvət verməyə təkrarən təhrik etmə) maddələri ilə ittiham elan edilərək, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan seçilib.
Adıçəkilən şəxslər Gəncə və Göygöldə də oxşar əməllər törədib. Zərərçəkmişlərdən birinə bu bölgələrdə stadion satıblar. Lakin sonradan stadion həmin şəxsdən geri alınıb. Sahibkara dəymiş zərərin məbləği 800 min dollardır.