Bazardakı fantastik qiymətlərə SƏBƏB NƏDİR?

İQTİSADİYYAT
12:31 / 05.05.2023
545

Son günlərdə bazarlarda fantastik qiymətlərə rast gəlirik.

Xüsusilə vaxtından öncə satışa çıxarılan meyvələrin qiymətlərinin çox yüksək olduğu nüşahidə olunur. İş o yerə çatıb ki, meyvələri ədədlə belə baha qiymətlərdən satışa çıxarırlar. Bəzi meyvələrin kilosu 20 manatdan 200 manata qədər çatır. Bura alçanı, gilası, çiyələyi və digər meyvələri nümunə göstərmək olar. Alıcılar isə meyvələrin belə astronomik qiymətlərə təklif olunmasına haqlı olaraq etiraz edirlər.

Ümumiyyətlə, bu qiymətlər hansı iqtisadi əsaslara görə müəyyən olunur?

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, meyvə bazarındakı qiymətləri rəqabət tənzimləyir:

"Adətən yeni gələn nübar meyvələri baha olur və varlı insanlara istiqamətlənir. Yəni kasıb insanlara istiqamətlənmir. Qiymətlər bilərəkdən yüksək qoyulur, sahibkarlar və fermerlər bundan pul qazanmaq istəyirlər. Bu da çox qısamüddətli qazancdır. Sonra kütləvi məhsul gəlir və bu qazanc dayanır. Burada hər hansısa iqtisadi əsaslandırma falan yoxdur və qiymətləri sadəcə bazar tənzimləyir. Meyvələr xüsusi strateji məhsul da deyil ki, dövlətin ayrıca tənzimləmə siyasəti olsun. Sadəcə olaraq, fermer öz məhsulunu bu qiymətə satır. Meyvə monopolistik məhsul olmadığı üçün kimin imkanı var, o da alır. Yəni burada başqa bir məsələ yoxdur".

Ekspert hesab edir ki, burada hər hansısa bir tənzimlənmə lazım deyil:

"Kimsə 200 manata, 500 manata alça alıb yemək istəyirsə, bunun qarşısını ala bilməzsiniz. Bunlar, tam təbii bazar prosesləridir. Sahibkar istəsə öz meyvəsinə 1000 və hətta 5000 manata da sata bilər. O, bu halda hansısa qanun pozuntusuna yol vermir. Misal üçün baha qiymətə satılan alça ilə sonradan satışa çıxarılan alçanın maya dəyəri arasında heç bir fərq olmur. Sadəcə sahibkar bilir ki, bu nübar olduğu üçün daha çox imkanlı şəxslər almağa çalışacaq. Ona görə də qiyməti yüksək qoyub pul qazanırlar. Əslində bu qiymətin müəyyən olunmasının heç bir iqtisadi əsası yoxdur. Lakin bu, normal bazar prosesi olduğu üçün qeyri-adi bir şey də deyil".

Pərviz

0