Qazaxda yarım milyonluq yol təmiri - Ötən il təmir etmişdilər...

22:34 / 05.05.2023
681

Qazax Rayon İcra Hakimiyyəti Qazax şəhərində yolların əsaslı təmiri ilə bağlı tenderə yekun vurub. 

Qaynarinfo xəbər verir ki, "Gəncə Körpü Tikinti-2” ASC tenderin qalibi seçilib. Qazax şəhərində yolların əsaslı təmirinə görə şirkətə 524.990,86 AZN ödəniləcək. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "Gəncə Körpü Tikinti-2” ASC 11 iyul 2007-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 143 104 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 47-də yerləşir. ASC-nin qanuni təmsilçisi Rzayev Süleyman Qəmbər oğludur. Açıq mənbələrdə ASC barəsində hər hansı məlumat yoxdur. 

Şirkətin qanuni təmsilçisi Süleyman Rzayevin adı Beynəlxalq Bankla məhkəmə çəkişməsində iddiaçı qismində keçir. Nəsimi Rayon Məhkəməsi Süleyman Rzayevin sözügedən banka qarşı "pulun geri qaytarılması” iddiasını təmin edib. Beynəlxalq Bank apellyasiya şikayəti versə də, birinci instansiyasının çıxardığı qətnamə dəyişdirilmədən saxlanılıb.

Araşdırmalarımız zamanı o da aydın olub ki, Süleyman Rzayev 2012-ci ildə "Tərəqqi” medalı ilə təltif olunub.

Mediada gedən məlumatlara görə, "Gəncə Körpü Tikinti-2” ASC-nin əsl sahibi iş adamı Aqibət Məmmədovdur. O, bir neçə il əvvəl oğlu Rəşad Məmmədovun avtomobil kolleksiyası ilə gündəmə gəlib. 

Qazax rayonunda kəndlərin yolu bərbad vəziyyətdə olsa da, şəhər yolları normaldır. Bu barədə redaksiyamıza Qazax sakinləri bildirib. 

Onların sözlərinə görə, mərkəzi yolları ötən il təmir olunub: "Su çəkilişi həyata keçirildiyinə görə yollar yararsız hala düşmüşdü. Ötən il təmir olunub”, deyə sakinlər bildirib. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovdur. O, 2016-cı ildən bu vəzifədədir. 

0