“Daşınmaz Əmlakın Dövlət reyistrində qeydiyyatı olmayan, yəni çıxarışı, “kupca”sı olmayan evlər qanun və dövlətin gözündə yoxdur”.
Bunu HİT.az-a açıqlamasında vəkil Əkrəm Həsənov evləri sığorta olunmayan vətəndaşların cərimələnməsindən danışarkən deyib. O bildirib ki, sığorta şirkətləri sənədsiz evlərin heç birini cərimələyə bilməz:
“Olmayan bir evin də sığortalanması mümkün deyil. Buna görə də bu məsələnin sənədsiz evlərə aidiyyatı yoxdur”.
Əkrəm Həsənov sənədli evlərlə bağlı qanunun 15 ildir qüvvəyə mindiyini vurğulayıb:
“Amma tətbiq olunmayıb, bu günə kimi heç kəs cərimələnməyib. Dəfələrlə bu mövzu gündəmə gəlib. Sonuncu dəfə 2019-ci ilin sonunda gündəmə gəldi, onda da bildirdilər ki, kim qanunun tələblərinə əməl etmirsə, onu cərimələyəcəklər. 2020-də də pandemiya başladı və buna görə məsələ gündəmdən çıxdı. Sığorta bazarına nəzarət edən Mərkəzi Bank bildirdi ki, insanları maarifləndirmək lazımdır. Amma heç bir tədbir görülmədi. İndi birdən-birə bu qədər insanı cərimələmək rahat bir iş deyil. Əhalinin əksəriyyəti sığorta istəmir”.
Qeyd edək ki, Daşınmaz Əmlakın İcbari Sığortası ilə bağlı vətəndaşlara xəbərdarlıq edilib. Bu məqsədlə mənzillərə bildirişlər göndərilir və orada evini sığorta etdirməyən vətəndaşların iyun ayının 1-dən fiziki şəxslər 30 manat, vəzifəli şəxslər 80 manat, hüquq şəxslərə isə 200 manat cərimələnəcəyi qeyd olunub.
Azra