Azərbaycanda son dövrlər onlayn şəkildə satışa çıxarılan avtomobil qeydiyyat nişanlarının sayı artmaqdadır.
Bir sıra onlayn satış saytlarında yüksək qiymətlərlə qeydiyyat nişanları satılır. Belə ki, 100 min manata (20-DL-161) təklif olunan nömrələr də var.
Digər bir satış saytında, “Tap.az”da isə ən ucuz nömrə nişanlarının qiyməti 450 manatdan (77-XS-123 və 77-XL-123) başlayır. Digər bahalı nömrələrin qiyməti isə 35 000 və 38 000 manat arasında dəyişir. 35.000 manatlıq qeydiyyat nişanı 10-OH-002-dir. 90-AS-111 qeydiyyat nişanının qiyməti 37 000 manat, “10-XZ-100” qeydiyyat nişanının qiyməti isə 38 000 manatdır.
Azərbaycanda avtomobil qeydiyyat nişanlarının sərbəst şəkildə satışa çıxarılmasına icazə varmı? Ümumiyyətlə, bu məsələ necə tənzimlənir?
“Bu sahədə dələduzlar və fırıldaqçılar da çoxluq təşkil edirlər”
Bu və ya digər sualları cavablandıran nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı Bizim.Media-ya açıqlamasında bildirdi ki, Azərbaycanda dövlət nömrə nişanlarının satışına yalnız “Dövlət rüsumu haqqında” qanunda nəzərdə tutulan rüsumlar əsasında icazə verilir:
“Bu satışı yalnız Dövlət Yol Polisi həyata keçirir. Ancaq bir qrup şəxs özləri üçün biznes sahəsi yaradaraq bu satışla məşğul olur. Yaxud da kimlərsə neçə illərdir ki, istifadə etdikləri nömrə nişanlarını hansısa bir səbəbdən satışa çıxarırlar.
Bu sahədə dələduzlar və fırıldaqçılar da çoxluq təşkil edirlər. Onlar bu sahəyə aidiyyatı olmadıqları halda hardansa nömrə əldə edərək satışını təşkil edirlər. Bir neçə dəfə Dvlət Yol Polisi İdarəsinin əməkdaşlarının iştirakı ilə məsələ ilə bağlı araşdırma aparmışıq və aydın olub ki, satışda olan nömrələrin çoxundan sahiblərinin xəbəri yoxdur. Çünki, dələduzlar kimlərdənsə aldıqları beh müqabilində sahibindən xəbərsiz nömrələri satışa çıxarıblar. Nömrələri kiməsə satdıqdan sonra yoxa çıxırlar və onları tapmaq müşkülə çevrilir. Bir sözlə, internet saytlarında satışa çıxarılan nömrələrin çoxu real deyil”.
Belə halların artmasını mövcud qanunvericilkdə boşluqların olması ilə əlaqələndirən ekspertin sözlərinə görə, dələduzlar bu cür hallara yol verə bilirlər:
“Hansısa bir şəxs avtomobilini yol polisinə təqdim edir və onu satmaq istədiyini bəyan edir. Amma avtomobilin üzərində olan nömrəni satmaq istəmədiyini və özündə saxlamaq niyyətində olduğunu bildirir. Qanun da buna icazə verir və nömrə onda qalır. Başqa bir şəxs isə ona yaxınlaşaraq, yeni avtomobil aldığını və nömrəni onun üstünə qoymaq istədiyini söyləyir. Yol polisi də bu istəyə uyğun olaraq alqı-satqı əsasında nömrəni şəxsiyyət vəsiqəsi və digər sənədlərlə həmin şəxsin adına keçirir”.
“Nömrələr hərrac və ya digər qanuni yollarla satışa çıxarılsın”
Onun fikrincə, nömrə nişanlarının internet saytları vasitəsilə çox baha qiymətə satılması düzgün deyil:
“Əgər, həqiqətən də, ölkədə bir nömrəyə yüksək məbləğ verməyə həvəsli olan şəxslər varsa, o zaman hərrac və ya digər qanuni yollarla satışa çıxarılsın. Satışdan əldə edilən gəlirin müəyyən bir hissəsinin dövlət büdcəsinə ödənilməsi təmin edilsin”.
Bəs aidiyyatı dövlət orqanları tərəfindən belə hallarla bağlı hansı tədbirlər görülür?
Sualı cavablandıran E.Muradlının sözlərinə görə, bir müddət əvvəl vətəndaşın xəbəri olmadan avtomobilinin üzərində olan nömrə nişanı satışa çıxarılması faktı aşkar olunub:
“Bununla bağlı Dövlət Yol Polisi İdarəsinə müraciət olundu və nömrəni qanunsuz satışa çıxaran şəxslər müəyyən olunaraq cəzalandırıldı. Ayrı-ayrı vaxtlarda belə hallara qarşı bəzi tədbirlər görülür.
Əgər qanunda bir boşluq varsa, bundan istifadə edən vətəndaş şəxsiyyət vəsiqəsi ilə nömrə nişanının özünə aid olduğunu bəyan edərək, onu bir avtomobildən çıxarıb digərinə taxırsa, yol polisi bunu necə araşdıra bilər? Belə olan halda yol polisi həmin nömrənin satıldığını və ya kiməsə hədyyə verildiyini, yaxud da köhnə avtomobilindən götürüb təzə avtomobilinə taxdığını araşdıra bilmir. Bu məsələlər təbii ki, qanunla və hər hansı bir formada tənzimlənməlidir”.
2019-cu ildə Prezident İlham Əliyev tərəfindən Dövlət Proqramının qəbul olunduğunu deyən ekspertin sözlərinə görə, proqramda, bahalı dövlət nömrə nişanlarının hərrac yolu ilə satılması barədə müddəalar əks olunub:
“Ancaq bu məsələ bu günə qədər hələ də öz həllini tapmayıb. Problem nə vaxtsa öz həllini tapacaqsa və DYPİ-nin rəsmi saytında nömrələrin açıq satışı təşkil olunacaqsa, o zaman belə neqativ hallar aradan qalxacaq”.
Qeyd edək ki, bir həftə əvvəl mövzu ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə (BDYPİ) sorğu ünvanlasaq da, sorğumuza hələ də cavab verilməyib.