Yediyimiz qidaların keyfiyyəti hər zaman bizləri düşündürür.
Çox təəssüf ki, bəzi qida məhsullarının artıq süni şəkildə yaradıldığını görürük. Təbii ki, onlar, əsl məhsullardan tamamilə fərqlənirlər. Üstəlik, süni məhsulların insana heç bir xeyri yoxdur. Əksinə, süni yaradılan məhsulların insan orqanizminə zərərli olduğu və bunun bir çox xəstəliklərə də yol açdığı təsdiqlənib. Buna baxmayaraq, ucuz olduğu üçün süni məhsulları hazırlayaraq satışa çıxarırlar. İnsanlar da qiyməti daha münasib olduğu üçün bu məhsulların keyfiyyətinə baxmadan satın alırlar. İndiyə kimi yumurta, düyü, çiyələk və digər məhsulların süni şəkildə hazırlandığını görmüşük. Son günlərdə isə süni ətin yaradıldığı ilə bağlı bir çox xəbərlər yayılır. Hətta süni ətin ölkəmizə də gətirilərək, satışa çıxarılmış ola biləcəyi iddia olunur. Xüsusilə dönər yerlərinə süni ətin verilmə ehtimalının mövcud olduğu önə sürülür.
Nəzərə alsaq ki, dönərlərin gündəlik satışı kifayət qədər böyükdür, onda bu təhlükə daha da çoxalır. Çünki nahar fasiləsində həm işləyənlərin, həm şagirdlərin, həm də tələbələrin ən çox üz tutduğu yemək məhz dönərdir. Ümumiyyətlə, ölkəmizdəki dönərin keyfiyyəti də hər zaman müzakirə predmeti olub. Ən çox diqqətçəkən məqam isə dönərlə ətin qiymətinin uyğun gəlməməsidir. Elə bu da dönərin keyfiyyət məsələsini və süni ətdən istifadə olunduğu iddialarını gündəmə gətirir.
Maraqlıdır, Azərbaycanda süni ət satılırmı? Həmçinin, ölkəmizdə dönərlərin keyfiyyəti hansı səviyyədədir?
Sağlam Qidalanma mütəxəssisi, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova HİT.az-a açıqlamasında bildirib ki, ölkəmizdə süni ət satılmır:
"Azərbaycanda süni ət satıldığı iddia olunsa da, bu, həqiqətə uyğun deyil. Çünki süni ətin hazırlanması hələ Azərbaycanda həyata keçirilmir. Bu o qədər də asan başa gəlmir ki, süni ətdən dönərxanalarda, restoranlarda və ya ictimai iaşə obyektlərində istifadə olunsun. Ümumiyyətlə, dönərlərdə daha çox keyfiyyətsiz ətlərdən istifadə olunur. Bu, ucuz satılan dönərlərə xüsusilə aiddir. Həmçinin, toyuq dönərində də toyuğun dərisindən və onun tullantılarından istifadə olunur.
Bir çox hallarda dönərlərə üyüdülmüş sümük tozu qatırlar ki, o dadı versin. Eyni zamanda xəstə, xarab olmuş və ya uzun müddət düzgün şəkildə saxlanılmayan ətə də kimyəvi maddələr vurulur. Bu isə xarab olmuş ətin qoxusunu və dadını dəyişir. Bununla yanaşı, mal və qoyun əti adı altında satılan dönərlər bir çox hallarda at və ya eşşək ətindən istifadə olunur. Bəzi dönərxanalar da rayonlarda xəstə və hətta ölmüş heyvanları ucuz qiymətə alaraq, istifadə edirlər".
Mütəxəssis dönərin ətin qiymətindən xeyli ucuz olmasının şübhəli olduğunu diqqətə çatdırıb:
"1 kiloqram ətin çəkisinin qiyməti ilə satılan dönərin qiyməti üst-üstə düşmür. Belə olan halda, hər kəsin beynində bir sual canlanır ki, bu ət necə alınır? Çünki heç kim digərlərinə faydalı olması üçün ucuz məhsul satmaz.
Onu da qeyd edim ki, tam bişmədiyindən müştərilər gələn zamanlarda qazı və ya alovu daha çox açaraq dönərin yanmağa məruz qoyulması da böyük təhlükədir. Belə olan halda, ətin tərkibindən konsirogen maddələr yaranır. Bu da insan orqanizmində xərçəng xəstəliyinin yaranmasına 1 nömrəli səbəb olur. Nəzərə alaq ki, ətin tərkibində zülal olduğu üçün xarab olmağa daha tez məruz qalır. Yəni uzun müddət isti şəraitdə yarıçiy saxlanılan ətin tərkibində sürətlə bakteriyalar çoxalır".
Məhsəti Hüseynova vurğulayıb ki, keyfiyyətsiz dönərlər insanların sağlamlığına ziyandır:
"Dönərlərdən çox istifadə edən insanlarda sitomeqavolvirus və salmonella bakteriyaları olur. Bunlar da insanda sonsuzluq yaradır və ya dünyaya gələn körpənin xəstə doğulması ilə nəticələnir. 25 yaşa qədər olan orqanizmlər hər gün dönər qəbul edərsə, inkişafdan geri qalar, eyni zamanda əzələ, sümük sistemi və daxili orqanların funskiyası pozular. Xüsusilə bağırsaqların mikroflorası pozulur ki, bu da immun sisteminin aşağı düşməsinə səbəb olur. Yaxşı olar ki, bu kimi qidaları keyfiyyətli və mənşəyinə əmin olduqları yerdən alsınlar. Həmçinin, dönərdən gündəlik qida olaraq istifadə etməmək tövsiyə olunur".
Pərviz