İctimai nəqliyyatda gediş haqqını artırmaq problemləri həll edir?

İQTİSADİYYAT
19:18 / 17.05.2023
771

Ötən həftə ictimai nəqliyyatda gediş haqqının yenidən artırılması təklif olundu.

Əlbəttə ki, sözügedən təklif cəmiyyətin narazılığına səbəb oldu. Bu da olduqca təbiidir. Çünki çox deyil, sadəcə 3 ay əvvəl onsuz da bənzər addım atılıb. Daha dəqiq desək, 3 fevralda ictimai nəqliyyatda 30 qəpik olan gediş haqqı 40 qəpiyə qaldırılıb. İndi isə daşıyıcı şirkətlər hələ yarım il belə keçmədən yenidən artım tələb edirlər. Axı bu nə düşüncədir? Bütün dünyada inflyasiyanın baş alıb getdiyi, hər şeyin qiymətinin tez-tez qalxdığı bir zamanda nə üçün bu addımı atmaq istəyirsiniz?

Onsuz da ictimai nəqliyyat xidməti çox bərbaddır. İstər metroda, istərsə də avtobusda dəhşətli sıxlıqla yol getməyə məcbur qalan sərnişinlərə yenidən "qiymət qalxmalıdır" deyirsiniz. Reallıq budur ki, gediş haqqını artırmaq ictimai nəqliyyatda olan saysız-hesabsız problemin heç birini həll etmir. Onsuz da bunu çox yaxın bir zamanda yaşadıq. Xatırlayırsınızsa, gediş haqqı artırılandan sonra problemlərin həll olunacağını deyən bəzi insanlar var idi, amma sonra qeybə çəkildilər. Çünki bir problem belə həll olunmadı. Sərnişinlər yenə də şəhərətrafı yerlərdə köhnə, sınıq-salxaq, bəzi oturacaqları belə olmayan avtobuslarla, üstəlik sıxlıqla mübarizə apararaq gedir.

Eyni sıxlıq metroda da hər gün yaşanır və hətta insanlar neçə qatarı ötürmək məcburiyyətində qalır. Yəni qiyməti bahalaşdırmağın nə xidmətə, nə də sərnişinlərə heç bir müsbət təsiri olmur. Daşıyıcı şirkətlər gündəlik kifayət qədər yüksək məbləğdə pul qazansalar da, heç nədən razı qalmırlar. Demək olar ki, avtobusların normal təmirinə pul ayırmırlar, yeni avtobuslar almırlar, xərcləri də elə çox deyil. Buna baxmayaraq, yenə də gəlirlərinin azlığından gileylənirlər. Yaxşı bəs sərnişinlər neyləsin? Daşıyıcı şirkətlərin və hansısa maşrut xəttinə rəhbərlik edən şəxslərin istəyinə görə hər dəfə gediş haqqının artırılması gündəmə gəlir. 

Konkret olaraq, gediş haqqının 50 qəpik olması təklif olunur. Onsuz da onların ilk təklifi də məhz bu idi. Amma birbaşa 50 qəpik etməyərək, 40 qəpik etmişdilər. Yenidən gediş haqqının artırılmasının təklif olunmasının isə uzun müddət sonra olacağı gözlənilsə də, 3 ay keçmədən bu, baş verdi.

Amma nəzərə almaq lazımdır ki, əhalinin böyük əksəriyyəti gün ərzində işə getmək üçün 2 ictimai nəqliyyat vasitəsindən istifadə edir. Geri qayıtmağı da hesablasaq, bu rəqəm 4 edir. Yəni gün ərzində 4 dəfə ictimaiyyət nəqliyyatdan istifadə edən bir sərnişin 50 qəpik gediş haqqı ödəyərsə, onun yol pulu 2 manat edəcək. Bu isə təxminən yola 50 manata yaxın vəsait xərcləməsi deməkdir. Üstəlik, bu hesablamaya sadəcə işdən evə gedib-gəlmək daxildir. Başqa yerlərə getmək istəsə xərc daha da artacaq. Ortalama bir ailədə 4 nəfərin olduğunu nəzərə alsaq və onların da hər biri müxtəlif yerlərə getsə, ay ərzində təxminən 250 manatdan çox yol xərci çıxır. Yaxşı olardı ki, gediş haqqının artırılması təklif olunan da bunlar da gözardı edilməsin. Ümumiyyətlə, gediş haqqının artırılmaması daha məqsədəuyğun olardı...

Pərviz

0