Xalq artistindən nazirə ağır ittihamlar: "Qohumu nazirlikdə ağalıq edir..."

İQTİSADİYYAT
15:10 / 18.05.2023
819

"Oğlumu bezdirmişdilər. Sahil Babayev nazir təyin olunan gündən oğlumu yola vermir. Onun işini gündə bir şöbəyə dəyişdirir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin onun oğlunu işdən çıxartmasına aydınlıq gətirərkən deyib. 

Aktyor bildirib ki, Sahil Babayevin yaxın qohumu nazirlikdə ağalıq edir, əməkdaşların qarşısında şərt qoyur:

"Hər dəfə oğlumun vəzifəsini aşağı salıb. Oğlum deyir məni elə vəzifəyə təyin edib ki, sahəm deyil. Onun qəsdinə durublar, psixoloji təzyiq göstərirlər, lap ağını çıxarıblar. Kiçik şöbəyə təyin ediblər, sonra da iş yerini şöbədən şöbəyə dəyişməyə başlayıblar. Orada olan münasibətlər barədə heç danışılası deyil, hamı həmin şöbədən işdən çıxıb gedir. Nazirin yaxın qohumu var, kobudun biridir, şöbəyə rəhbərlik edir. Yaxası açıq, krasovka ilə işə gəlir. Deyib ki, kim xoşuma gəlir işləyəcək, kim xoşuma gəlmir işləməyəcək. Əməkdaşların qarşısında şərt qoyur. Oğlum dedi ya mən orada dava etməliyəm, ya da öz ərizəmlə işdən çıxmalıyam. Dedim get ərizə yaz, çıx. Oğlum işdən çıxandan Sahil Babayev onun gedişinə münasibət də bildirməyib. Sahil Babayev məni tanıyır, belədir də, millətin ideologiyasını, təbliğatını aparanlar və onların övladları ortalıqda qalıb, hazıra nazir olanlar kef edir”. 

Xalq artisti oğlunun işi ilə bağlı heç bir yerə müraciət etməyəcəyini vurğulayıb:

"Topum yox, tüfəngim yox, neyləyim? Mən bu günə kimə heç kəsə övladlarım üçün xahiş etməmişəm, məcbur edirlər ki, etirazımı yuxarılara deyim. Oğlum 3 dildə danışır. Mənim xidmətimin 20-30 faizinə layiq olmayanların övladları nazirlikdə işləyir. Kiməsə ağız açmağı özümə layiq bilməmişəm, kişi kimi yaşmışam. Kimdir onlar? Təsadüfən vəzifəyə gəlib. Biz can qoyanda, onların dədə-babaları da ortada yox idi. Soruşuram niyə mənim oğlum nazir deyil, amma Sahil Babayev nazirdir? Hansı xidmətlərinə görə? Onun atası ilə mən çörək kəsmişdim, haqqı-salamım var idi. Amma ora gələn gündən oğlumu gözümcıxdıya salıb, ordan-bura, buradan-ora qaçırda-qaçırdır. Qəsdən belə edib ki, bezsin, çıxıb getsin”. 

Şeyx Əbdül Sahil Babayevdən baş verənlərlə bağlı açıqlama gözlədiyini qeyd edib: 

"Çıxsın açıqlasın görək, oğlumu niyə gözümçıxdıya salıb. Ailə başçısı da bu zəmanədə işsiz olar? İndi oğlum işsizdir”. 

Qeyd edək ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Xalq artisti Şeyx Əbdül Mahmudbəyovun oğlunu işdən çıxarıb. Nazirin müvafiq əmri ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinin baş əmək müfəttişi (kiçik müşavir) Babək Mahmudov tutduğu vəzifəsindən azad olunub. 

0