Azərbaycanda istehsal olunan minik avtomobilləri əlavə dəyər vergisindən (ƏDV) azad olunacaq.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunan və parlamentin plenar iclasına tövsiyə edilən Vergi Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, ölkə ərazisində istehsal olunan minik avtomobillərinin satışı 2023-cü il mayın 1-dən 10 il müddətinə ƏDV-dən azad olunacaq.
Bəs yeni layihə nə kimi iqtisadi üstünlüklər gətirəcək?
Mövzu ilə bağlı HİT.az-a açıqlama verən iqtisadçı ekspert Elşən Bağırzadə bildirib ki, bu qərar Azərbaycanda istehsal olunan avtomobillər üçün daxili bazarda qiymət rəqabətində müəyyən üstünlük yaradacaq:
"Bu qərar Azərbaycanın avtomobil sektoruna xarici investisiyaları stimullaşdıra bilərmi? Buna o qədər də əmin deyiləm. Çünki Azərbaycanın daxili bazarı kiçikdir və bu sektorda ixrac imkanları o qədər də geniş deyil. Avtomobil sektorunun inkişafı üçün onun ixrac imkanlarını genişləndirmək lazımdır. Bu isə bir-birilə əlaqəli çoxlu sayda tədbirlərin nəticəsində mümkün ola bilər".
Pərviz