Azərbaycana ən çox rus turistlərinin gəlməsinə səbəb nədir?

İQTİSADİYYAT
18:18 / 23.05.2023
1040

Azərbaycana gələn turistlərin sayı açıqlanıb.

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən ölkəmizə gələn turistlərin sayı cari ilin ilk 4 ayında 1,6 dəfə artıb. Belə ki, sözügedən dövrdə Azərbaycana 168 ölkədən 522,9 min turist gəlib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 dəfə artım deməkdir.

Ölkənizə ən çox üz tutan turistlərin siyahısında ruslar 31,7 faizlə birincidir. Siyahı belə davam edir: 20,9% Türkiyə, 8,4% İran, 5,5% Gürcüstan, 5% Hindistan və 2,3% Pakistan. Siyahıda Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Ukrayna, Belarus, Türkmənistan və Küveyt kimi ölkələrdən gələn turistlər də var. 

Maraqlıdır, ölkəmizə gələn turistlər siyahısında Rusiyanın birinci sırada olmasında Ukrayna müharibəsinin təsiri böyükdür?

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən iqtisadçı ekspert Elmir Səfərli bildirib ki, son 10 ildə Azərbaycana gələn turistlərin statistikasına nəzər yetirsək, görərik ki, Rusiya, Türkiyə, İran və Gürcüstandan gələn turistlərin sayı ümumi həcmdə olan turist sayının 50 faizinə qədərini əhatə edir:

Oxu.az - Taxılın sıxışdırdığı pambıq: Qiymət artır, bəs gəlir? - FOTO

"Bunun ən böyük səbəbi isə Azərbaycanın qonşu ölkələrlə iqtisadi, ticari və siyasi əlaqələrinin daha geniş olmasıdır. Təbii ki, post-pandemiya dövründə, xüsusilə son bir il ərzində Rusiyadan gələn turistlərin sayında həddindən artıq artım mövcuddur. Bunun isə real faktoru Rusiya-Ukrayna müharibəsinin başlaması və xüsusən də Rusiyada oranın vətəndaşı kimi yaşayan azərbaycanlıların ölkəmizə gəlməsidir. Əlbəttə ki, onlar Rusiya vətəndaşı olduğu üçün Azərbaycana gələndə artıq turist kimi sayılırlar. Bununla da Rusiyadan gələn turistlərin sayında artım müşahidə olunur".

Ekspert vurğulayıb ki, Türkiyə, İran və Gürcüstan kimi ölkələrlə isə ticarət əlaqələrimiz mövcuddur:

"Ona görə də sözügedən ölkələrin vətəndaşları müəyyən qədər Azərbaycana axın edirlər. Həmçinin, rayonlarda turizm potensialının artırılması istiqamətində təşviqat məsələləri üzrə atılan addımlar da öz nəticəsini verir. Digər ölkələrdən isə turist kimi Azərbaycana gələnlər mövcuddur".

Pərviz

0