Dövlət Komitəsi barəsində Baş Prokurorluğa şikayət edilən şirkətə tender verdi

İQTİSADİYYAT
22:09 / 23.05.2023
660

Qaçqınların və Köçkünləri və İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti Biləsuvar rayonunda salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin təmirini həyata keçirəcək.

Qaynarinfo xəbər verir ki, qurum bununla bağlı tender elan edib. Tenderin qalibi "Archimed” MMC seçilib. Tərəflər arasında imzalanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 210 310,94 AZN təşkil edir. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "Archimed” MMC 22 may 2017-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, General Səmədbəy Mehmandarov küçəsi, ev 106, M3, mənzil 1-də yerləşir. MMC-nin qanuni təmsilçisi Mirzəyev Tacir Seyidağa oğludur.

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur.

"Archimed” MMC tender əməliyyatlarına cəlb edilən şübhəli şirkətlərdən hesab olunur. 2022-ci ildə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin şikayətçi olduğu şirkətlərin siyahısında "Archimed” MMC-nin də adına rast gəlinir. 

Dövlət Xidməti həmin şirkətlər barəsində Baş Prokurorluğa şikayət etmişdi. Araşdırmalara zamanı məlum olmuşdu ki, adı siyahıda olan şirkətlər tərəfindən bəzi dövlət orqanları adından hazırlanmış sənədlərə müdaxilə edilməklə saxtalaşdırılması və dövlət satınalmalarının vahid internet portalı vasitəsilə satınalan təşkilatlara təqdim edilməsinə dair ilkin dəlillər aşkarlanıb.

Dövlət satınalmalarının vahid elktron portalında yerləşdirilən məlumatlardan aydın olur ki, "Archimed” MMC əsasən "Qaçqınkom”un tenderlərinin qalibi olur. 

0