Azərbaycanda pensiya yaşı azaldılır?

İQTİSADİYYAT
12:26 / 31.05.2023
760

Azərbaycanda pensiya yaşının azaldılması təklif olunub.

Deputat Tahir Kərimli dünən Milli Məclisin iclasındakı çıxışı zamanı bu barədə danışıb. O, pensiya yaşının azaldılmasını təklif edib:


"Qadınlar 59, kişilər 62 yaşında pensiyaya çıxarılsın. Pensiya yaşı mütləq aşağı salınmalıdır. Amma burada seçim də qoyulmalıdır. Əgər vətəndaş özü pensiyaya çıxmaq istəyirsə, bunu onun özünün seçiminə buraxmaq lazımdır. Bir çox ölkələrdə pensiyaya çıxmaq yaş həddi bizdən aşağıdır. Ona görə də bu məsələyə bir qədər diqqətlə yanaşmalıyıq”.

Deputat vurğulayıb ki, pensiya sığortasının təyinatı üçün 25 il iş ştajı böyük rəqəmdir:
"Bu rəqəm 12 ilə endirilməlidir. Orta yaş aşağı olduğu üçün pensiya yaşını da aşağı salmalıyıq”.

Ümumiyyətlə, Azərbaycanda pensiya yaşının aşağı salınması mümkündür?

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, pensiya yaşının 65-ə çatdırılması səhv və tələsik qərar idi:
"Bütün pensiya hesablamalarında pensiya çıxdıqdan sonra orta ömür 12 il götürülür. Bu o deməkdir ki, Azərbaycanda pensiyaya çıxdıqdan sonra insanların orta ömrü 12 il hesab olunur. Bu hesablamalara görə orta ömür 77 yaş olmalıdır. Amma statistikalarda bu rəqəmin 73,5 olduğu görünür. Yəni heç 74-ə belə çatmır. Belə çıxır ki, 65 yaşında pensiyaya çıxan şəxs ondan sonra ortalama 8-9 il yaşayacaq. Bu isə pensiyada yaşamaq üçün çox az müddətdir. Nə üçün 8-9 il olmasına rəğmən pensiyadan sonrakı ortalama ömür 12 il kimi hesablanır?

Həmçinin, pensiya kapitalı da çox azdır. Bu, çox absurddur. Çünki adamlar pensiyaya çıxdıqdan sonra 8-9 il yaşayırlar. Amma pensiya hesablamalarında bu rəqəm 12 il göstərilir. Yəni pensiya kapitalı 144-ə bölündüyü üçün aylıq düşən pensiya kapitalı az olur. Hesab edirəm ki, pensiya yaşı dəyişilməsə belə, aylıq pensiyanın verilməsində kapitalın 144-ə bölünmə qaydası dəyişilməlidir".


Ekspert Tahir Kərimlinin pensiya ilə bağlı yeni təklifini də anlamadığını deyib:
"Mən indi təklif olunan qadınların 59, kişilərin 62 yaşında pensiyaya çıxmaq təklifini də anlaya bilmirəm. Axı nə üçün kişilər qadınlardan gec pensiyaya çıxmalıdır? Bunun özü də absurddur. Əslində qadınların orta ömür müddəti kişilərdən 1 il çoxdur. Bununla yanaşı, qadınların iş şəraiti də kişilərin iş şəraitindən daha yaxşıdır. Artıq dünyadakı qadın-kişi ayrı-seçkiliyi tarixə qovuşub. Ona görə də qadınla kişi bərabər götürülməlidir. Pensiya yaşı bərabər hesablanmasa belə kişi daha tez təqaüdə çıxmalıdır. Çünki ömür müddəti daha azdır. Mən yaşların eyni olmasının tərəfdarıyam. Bunun da Azərbaycan üçün 60 və ya 62 yaş olmasının tərəfdarıyam".


Xalid Kərimli Avropada pensiya yaşının 65 olması məsələsinə də aydınlıq gətirib:
"Avropada pensiya yaşı 65 ola bilər. Amma Avropadakı insanlar ortalama 81-82 il yaşayırlar. Yəni oradakı insanlar təqaüdə çıxdıqdan sonra 16-17 il pensiya alacaqlar".

Həmsöhbətimiz Azərbaycanda pensiya yaşının aşağı salınacağına inanmadığını söyləyib:
"Amma səhv qərar verilibsə, ona yenidən baxılmalıdır. Nəzərə almaq lazımdır ki, bu qərar milyondan çox insanın taleyinə təsir edir. Buna baxmayaraq, pensiya yaşının azaldılacağını gözləmirəm".

Pərviz

0