Türk lirəsinin ucuzlaşmasının səbəbi nədir? - ŞƏRH

İQTİSADİYYAT
17:44 / 05.06.2023
976

Türk lirəsinin ucuzlaşmağı davam edir.

Qardaş ölkə keçirilən seçkilərdən sonra da lirənin dollar qarşısında dəyər itirməyi davam etdi. Artıq 1 ABŞ dolları 21 lirəni ötüb. 

Maraqlıdır, türk lirəsinin ucuzlaşmasına səbəb nədir və bu, davam edəcəkmi?

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən iqtisadçı ekspert Asif İbrahimov bildirib ki, Türkiyə iqtisadiyyatı özünəməxsus iqtisadiyyatdır:

327400

"Orada ixraca yönümlü iqtisadi sistem mövcuddur. Türk lirəsinin dəyər itirməsinin bir çox səbəbi var. Burada həm siyasi, həm də iqtisadi faktorlar rol oynayır. Amma ən problemli məsələ siyasi faktorlardır. Türkiyə tipli iqtisadiyyatlar neftdən və təbii sərvətlərdən asılı olmasa da, milli valyutaları xarici investorların yatırımlarından və ixracdan asılı olduğu üçün bəzən həssas dönəmlərə girirlər.

Türk lirəsinin dəyər itirməsi 2011-2012-ci illərdən başlayıb. Ərəb ölkələrində baş verən inqilablarda Türkiyənin bəzi hərbi əməliyyatlarda iştirak etməsi investorların bu ölkəyə yenidən yatırım etməməsinə gətirib çıxardı. Həmçinin, ABŞ-da Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini qaldırması da buna ciddi təsir göstərdi".

Ekspert düşünür ki, xüsusilə indiki dönəmdə türk lirəsinin ucuzlaşması əsasən siyasi faktorla əlaqəlidir:

"Yəni siyasi faktor olduqda bir çox investor ölkəyə yatırım etməkdən boyun qaçırmağa başlayır. Bu isə müəyyən mənada milli valyutanın dəyərdən düşməsinə səbəb olur. 

Amma Türkiyədəki bəzi iş adamları lirənin dəyər itirməsinə sevinir. Çünki xam malı daxildən əldə edirdilər, məhsulun 100 faizə yaxınını isə xarici ölkələrə ixrac edirdilər. Belə olduğu halda, həmin sahibkarlar satdıqlarının qarşılığını xarici valyuta ilə alırdılar. Amma bütün vergi ödənişlərini və əməkhaqlarını milli valyuta ilə ödəyirlər. Yəni bu, bir çox sahibkarın da işinə yarayır".

Asif İbrahimov lirənin uzuclaşmasını bir digər səbəbini də belə izah edir: 

"Hesab edirəm ki, lirənin bu qədər ucuzlaşması siyasi simulyasiyalar, inzibati və vergi sistemindəki müəyyən çatışmazlığın nəticəsidir".

Pərviz

0