Tahir Əmiraslanov agentliyə cavab verdi: "O, yalan danışır, mənə hörmət qoymurlar...”

İQTİSADİYYAT
12:54 / 09.06.2023
784

Azərbaycanın Milli Kulinariya Assosiyasiyasınım Prezidenti Tahir Əmiraslanov Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynovanın "Bizim Tahir Əmiraslanova böyük hörmətimiz var,  amma indi gənclərə yol vermək lazımdır, Agentlik T.Əmiraslanovun Beynəlxalq Kulinariya Assosiasiyasındakı (WAKS) vəzifəsindən azad edilməsi üçün işlərə başlayıb, biz onun yerinə bu vəzifəyə "Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası" İctimai Birliyinin həmtəsisçisi və sədri Orxan Muxtarovun namizədliyini irəli sürmüşük” fikirlərinə münasibət bildirib. 

T.Əmiraslanov Pravda.az-a açıqlamasında deyib ki, Qırğızıstanda olduğu üçün məsələdən xəbəri olmayıb.

“Bilirdim ki, Dövlət Turizm Agentliyi yarandığı gündən dörd-beş ildir, Orxan Muxtarov, Fərhad Aşurbəyli və Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasından  başqa kimsəni tanımaq, onunla işləmək istəmir. Bu adamlar “Turizmə və Milli mətbəxə dəstək” İctimai Birliyinə rəhbərlik edəndə də yalnız onlara dəstək verilirdi. Turizm Agentliyinə  yazdığım yüzlərlə məktubdan birinə də müsbət cavab gəlməmişdi. Bütün işlərimə maneə törədirdilər. Mən keçən il Livanda Dünya İslam Kulinariya Birliyinə prezident seçildim,  20 martda seçkilərim idi, martın 17-də  işdən çıxmağım barədə əmrimi göndərdilər. İndi isə Qırğızıstanda - Dünya Türk Xalqlarının Kulinariya Mədəniyyəti Birliyinə Prezident  seçildim. Bu seçki zamanı da belə oyun çıxardılar. Başa düşürəm ki, Milli Kulinariya Mərkəzi Dövlət Turizm Agentliyinə tabedir. Bunu mən yaratmışdım. İndi bunlar gəlib oturublar, məni işdən çıxara bilərdilər, çıxardılar da. Nə şikayət etmədim, nə də məhkəməyə vermədim. Elə bildilər ki, işləyəcəklər. Sonradan bir neçə məktub yazdılar, həmin məktublar da qeyri-kompitent idi. Onlara dedim ki, bu işləri belə görməzlər. Yəqin çox xətirlərinə dəyib”, - T.Əmiraslanov deyib.

O bildirib ki, WAKS Qeyri-Hökumət Təşkilatıdır: “Dünya QHT-sidir. Mən 1992-ci ildə ora Azərbaycanı gətirəndə 37 ölkə var idi. Köməyimlə də böyüdü. Dünya Kulinariya Birliyinin 85 nömrəli həyati-fəxri üzvüyəm. Bu, 97 ildə 12 milyon  üzvdən  cəmi 112 nəfərə verilib. Buna heç bir şey etmək mümkün deyil. Yəqin ki, bunu məndən ala bilməyəcəklər. Əvvəlcə məni təqib edib təqaüdə çıxmağa bir il qalmış işdən çıxardılar, indi isə Azərbaycan Milli Kulinariya Assosiyasını WAKS-dan çıxarmağa çalışırlar. Guya mənə hörmət qoyurlar, amma heç bir hörmətləri yoxdur, düşmənçilikdən başqa heç nə etməyiblər. Bundan başqa, WAKS-a üzv olan Azərbaycan Milli Kulinariya Assosiasiyasıdır. Biz milli üzvük. Orxan Muxtarovun başçılıq etdiyi təşkilat da ictimai təşkilatdır. Agentlik onu zorla WAKS-a assosiativ üzvlüyə gətirdi - bütün hər şeyə zidd olaraq. Bir də başa düşmürəm, niyə Dövlət Agentliyi QHT sektorunun işlərinə qarışır? Başqa işləri-gücləri yoxdur?” 

T.Əmiraslanovun sözlərinə görə, WAKS-ın bütün tədbirlərində  dünya ölkələrinin dövlət məmurlarından Azərbaycandan yalnız Dövlət Turizm Agentliyinin məmurları iştirak edirlər: “Halbuki heç bir ölkənin məmuru orada yoxdur və olmur. Elə bir konfrans yoxdur ki, bunlar ora getməsinlər. Yəqin, büdcədən buna pul ayrılır. Artıq WAKS-da Azərbaycana rişxənd edirlər. Bunlar bizim  32 ildə əziyyətlə yaratdığımız yüksək imici dağıdırlar. İkincisi, Agentlikdə bu hüquq yoxdur ki, kimisə WAKS-da kiminsə yerinə irəli sürsünlər, çünki o təşkilatın Nizamnaməsində belə bir şey yoxdur. Bunlar WAKS-ın rəhəbirini də Azərbaycana gətirdilər, digər direktorları da, funksionerlərini də. Başlarına fırlanırlar ki, bunları WAKS-a “soxuşdursunlar”. Məqsəd nədir? Yalnız Tahir Əmiraslanova düşmənçilik. Mən heç kimlə düşmənçilik etmirəm, o cümlədən Agentliklə. Allah və onun yerdəki kölgəsi Prezident hər şeyi bilir, görür, lazımi anda hər şey olunacaq”. 

T.Əmiraslanov deyib ki, Orxan Muxtarov onun yetirməsidir: “Yaxşı aşpazdır, gözəl ailəsi var. Orxanın rəhbərlik etdiyi təşkilat Agentliyin dəstəyi ilə yaranıb. Məni Mərkəzdən çıxarmaqla elə bildilər ki, nələrsə edəcəklər. Mənə hörmətləri olsa, mən çıxanda danışmışdıq, demişdim ki, 17-yə qədər kitab yarımçıq qaldı, indi bir kitab nəşriyyatdadır, heç olmasa çap etdirin. Mənə deyirlər ki, bu, bizim büdcəmizdə nəzərdə tutulmayıb. Deyirəm ki, gələn il Olimpiadada Azərbaycanın milli komandasının iştirakı məsələsinə baxılsın. Fərhad Aşurbəyli ilə Orxan Muxtarov komandada yoxdur deyə, deyirlər ki, büdcəmizdə pul yoxdur. Belə şeyləri anlamıram. Azərbaycan Respublikasının “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanununa görə, dövlət orqanları QHT-lərin işinə qarışmır, müdaxilə etmir. Ya bizim Dövlət Turizm Agentliyinin funksioneri sədr müavini - başda sədr olmaqla, dövlətin qanunlarını bilmir - onda orada oturmamalıdırlar, ya da bunlar dövlətin qanunlarını  saymırlar. Bunu vəzifə səlahiyyətlərini aşmaq hesab edirəm. Mənimlə heç kim bu barədə danışmayıb, heç kim məsləhətləşməyib. Bunlar zorla öz düşmənçiliklərini yeridirlər. Əgər onların istədiyi alınarsa, bundan sonra bizdə dövlət məmurları, nazirliklər, komitələr - hamısı QHT-lərin rəhbərlərini beynəlxalq təşkilatlardan çıxaracaqlar, ürəklərinin istədiyini edəcəklər.  “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədov dünyanın ən böyük kulturoloqudur, beynəlxalq cəmiyyətin sədridir, bir çox təşkilatların üzvüdür. Onda onu da çıxaraq, yerinə qeyri-peşəkarın birini qoyaq? “Simurq” kimi 35 yaşı olan təşkilatın yerinə 3-5 yaşı olanı qoyaq? Başqa böyük cəmiyyətlərimiz də var, beynəlxalq  təşkilatlara üzvdürlər. Bunlar o cəmiyyətlərin rəhbərliyinə heç vaxt gələsi adamlar deyillər. Orxan Muxtarov mənim yanımda böyüyüb, mən yetişdirmişəm. Əgər mən cavanlara yol vermirəmsə, niyə bunların Assosiasiyanın təsisçilərinin üçünü  mən yetişdirmişəm? Dörd nəfərdən üçü mənim yanımda böyüyüb. Mənim yanımda onlardan da gənclər olanlar var. Bu yaxınlarda çox hörmət etdiyim bir aşpazımız çıxdı, getdi onların yanına. Getsin, amma mən onu dünya təşkilatı komitəsinin üzvü etmişdim. Buradan çıxıb, inkişaf edəcəkdi. Amma o Assosiasiyada inkişaf edə bilməyəcək”.

T.Əmiraslanov əlavə edib: “Orxan Muxtarov Azərbaycan dilində normal danışa bilmir. Nə Azərbaycan tarixindən, nə də ədəbiyyatından, nə də mətbəx mədəniyyətindən xəbəri olan adam deyil. Bu adam aşpazdır, bişirir. Özü də Azərbaycan xörəklərini sevmir. O, əsgərlik vaxtı əsgərlikdən yayınıb, 44 günlük müharibədə əsgərlərə gedib könüllü yemək bişirmək şərəfindən də qaçıb. 4 il bundan əvvəl Fərhad Aşurbəyli, Orxan  Muxtarov  WAKS-a haqqımda donos, şər-böhtan yazmışdı. Çünki mən dünya təşkilatına rəhbər seçilə bilərdim. Ermənilər bunu qaldırdılar, 2016-cı ildə seçkiyə gedirdik. Mənim haqqımda donoslar yazılmağa başladı. Sonra iki il məhkəmələrdə qaldıq. Həm rayon,  həm Apellyasiya, həm də Ali Məhkəmədə sübut etdi ki, bunların yazdıqlarının hamısı şər, xətadır, bir dənə olsun düzgün söz yoxdur. Arxasınca onları ən çox Dövlət Turizm Agentliyi ilə Turizm Bürosu dəstəklədi. İndi də buna davam edirlər. Məni dövlət işindən çıxardılar, yaxşı etdilər, Orxan Fikrətoğlunu yerimə qoydular, lap “əllərinin içindən gəldi...” İndi də ictimai təşkilatlardan məni çıxarmağa çalışırlar. Bu, əməlli-başlı təqib etməkdir və edirlər. Başqa heç bir şey yoxdur. Bir-bir sübut edə bilərəm, hamısının haqqında yazışmalar, bizim danışıqlarımız var. Mənim bu məsələdə heç bir razılığım yoxdur, mənə heç nə deməyiblər. Bunlara qalsa, Üzeyir Hacıbəyovu da orta məktəb dərsliklərindən çıxaracaqlar, yerinə yeni, cavan bir bəstəkar qoyacaqlar ki, gənclərə yol versinlər. Gənclərə belə yol verilmir. Mənim təşkilatımda həmişə üzvlərin 95%-i gənclər olub. İrəli apardıqlarım gənclərdir. İndi medal, dəfələrlə kubok gətirənlərin çoxu gənclərdir. Anlamıram, başa düşmürəm və başa düşmək istəmirəm ki, bu, nə oyunlardır? Niyə bu oyun qurulur, niyə Tahir Əmiraslanovu xalq düşməni edirlər? Azadə xanım Hüseynova deyir ki, Tahir müəllimə hörmətimiz var. Yalan deyir. Bütün hərəkətləri ilə bunu göstərdilər. Mənim Mərkəzdən çıxarılmağım, bu oyunları etmələrinin nəticəsi nə oldu? 32 ildən sonra ilk dəfə ermənilər Dünya Kulinariya Konqresinə böyük bir nümayəndə heyəti ilə gəldilər, halbuki bu vaxta qədər heç biri ora buraxılmırdı. İlk dəfə Lüksenburqda da qızıl medallar aldılar. Özü də dünya təşkilatının prezidentinin əlindən. Vəssalam, nəticə budur. Bir il ərzində Kulinariya Mərkəzi nə işlər görüb? Çıxarıb bir-bir ortaya qoysunlar. Eləcə bəyanat veriblər. Bir dəfə bəyənat verdilər ki, “strit fud” düzəldəcəyik. Sonra dedilər ki, Türkiyədən adam gətircəyik, Azərbaycan mətbəxinin dərsliyini yazsın. Burada buna adam da, maliyyə də yoxdur də... “Discover Geography” kimi böyük resursda mətbəxi biabır etdilər. Ermənilərin əlinə bizim əleyhimizə “gözəl-gözəl" faktlar verdilər. Yalandan da olsa, ermənilərin dediklərini elə onların əvəzinə ora yerləşdirdilər. Gördükləri “işləri” sadalayıram... Mən isə səsimi çıxarmadım. Paxlavının Ermənistanın milli irsi elan olunmasına qarşı nəfəslərini belə çəkib cavab vermədilər. Bir il ərzində heç nə edilmədi. İldə üç-dörd kitab çıxırdı. Amma indi isə... O vaxt gördüyüm bəzi işləri kiçik masştabda təkrar etməyə çalışdılar, vəssalam. Hazır bir məhsulun - Mərkəzin üzərində eksperimentlər aparılır ki, dağıdılsın. Başqa bir şey yoxdur, mən bunu belə anlayıram. Agentlikdən heç bir hörmət görmədim. Əminəm ki, bir gün göydəki Allah, yerdə onun kölgəsi Prezident bunların “ipi”ni yığacaq. Bu, mənə yox, milli mədəniyyətə, milli mətbəxə qarşıdır. Mən etdiyimi etmişəm, yenə də yüz dəfə artığını etməyə potensialım var, edəcəyəm. Lap tutaq ki, bunların istədikləri həyata keçdi, Orxan bəy gəlib üzv oldu. Yarışa getməkdən, medal, diplom almaqdan başqa nə edəcək? Onun potensialı nədir? Nə danışacaq? Başa düşürəm, maddi cəhətdən dövlətin pulları o tərəfə axıdılır, məmurlar ora-bura Orxanla gedib-gələcəklər, pullar silinəcək, başqa heç nə. Azərbaycanın adına yazılası heç nə olmayacaq. Necə ki indi edirlər, onda da aşağıdan-yuxarı o xaricinin, bu rəhbərin “quyruğunda” gedəcəklər ki, Orxana da baxsınlar, xoş söz desinlər, diplomdan, medaldan versinlər. Olmazdımı ki, dünya təşkilatı rəhbərliyində, üstündə olaq, bizə aşağıdan yuxarı baxsınlar, bizdən istəsinlər? Olmazmı ki, medal alan yox, verən olaq, dünyada bu prosesləri biz idarə edək. Necə ki bu səviyyəyə gəlmişdik, edirik...”

0