Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini qaldırıb.
Belə ki, Mərkəzi Bankı tərəfindən uçot dərəcəsini 6,5 faiz bəndi artırılıb. Başqa sözlə desək, uçot dərəcəsi 8,50 faizdən 15 faizə qaldırıb.
Qeyd edək ki, sözügedən qərarın ardından türk lirəsi dollar və avro qarşısında yenidən ucuzlaşıb.
Bəs bundan sonra lirəni nə gözləyir?
Mövzu ilə bağlı HİT.az-a açıqlama verən iqtisadçı ekspert Elşən Bağırzadə bildirib ki, bu faiz artımı bazarın gözlədiyindən azdır:
"Türkiyədə Mərkəzi Bankın mərkəzi uçot dərəcəsini artırıb azaltmasının isə son dövrlər elə bir təsiri qalmayıb. Ölkədə yüksək inflyasiya var və faiz dərəcələri yüksəkdir. Ancaq buna baxmayaraq, hələ də real faiz dərəcəsi mənfidir. Dolların real qiyməti 30 türk lirəsi civarında qiymətləndirilir. Sadəcə bu günə qədər valyuta bazarına müdaxilə edilir və türk lirəsinin dəyəri qorunmağa çalışılır. Belə bir şəraitdə faiz artımı da gözlənilənin altında olduğundan valyuta bazarın ilk etapda tərs reaksiya verməsi normaldır".
Ekspertin fikrincə, lirənin ucuzlaşması davam edəcək:
"İndiki türk lirəsinin kursu ixrac üçün rəqabətli səviyyə sayılmır. Sadəcə bütün bu problemlərin köklü həlli üçün Türkiyə iqtisadiyyatında struktur islahatları getməlidir. İşlər ixrac yönümlü iqtisadiyyatın tələblərinə uyğun qurulmalıdır. Türkiyə yüksək əlavə dəyərli, innovativ istehsal sahələrini inkişaf etdirməlidir. "Beton iqtisadiyyatı" ilə inkişaf bir yerə qədərdir.
Məsələn, hərbi sənayedə bu istiqamətdə yaxşı nəticələr var, ancaq yetərli deyil. İkincisi də, bazar subyektlərinin Türkiyə iqtisadiyyatına inamını bərpa etmək lazımdır. Belə faiz artımlarına getməklə ölkəyə "isti pulun" axacağına ümid etmək olmaz. İnamı bərpa etmək üçün hələ görüləsi çox iş var. Hər şey doğru getsə belə Türkiyənin hələ bir neçə il bu iqtisadi sıxıntıları yaşayacağını düşünürəm. Çünki problem daha dərin və struktur xarakter daşıyır".
Pərviz