Kriptovalyutalara maraq niyə azalıb? - AÇIQLAMA

İQTİSADİYYAT
13:29 / 25.06.2023
868

"Kriptovalyutara maraq zaman-zaman yüksəlir və ya azalır".

Bunu iqtisadçı ekspert Xalid Kərimli HİT.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bunun əsas səbəblərindən biri kriptovalyutanın həddindən artıq riskli aktiv olmasıdır:

"Demək olar ki, onun daxili dəyəri yoxdur. Hətta kriptovalyutanın qiyməti sıfıra da düşə bilər. Zaman-zaman müxtəlif kriptovalyutalarda bunu müşahidə edirik. Bu baxımdan, riskə meyillilik və risk iştahası artanda kriptovalyutaya maraq artır. Risk iştahası düşəndə isə kriptovalyutaya maraq azalır. Hazırda da dünyada davam edən inflyasiya səbəbindən risk iştahası aşağı düşüb. Yəni mövcud vəziyyət faiz gətirməyən aktiv kimi kriptovalyutaya marağı azaldıb".

Ekspert qeyd edib ki, kriptovalyutaya marağın azalmasının digər əsas səbəbi isə dünyanın əsas mərkəzi banklarının bu sahəni leqallaşdırmamasıdır:

328900

"Yəni iri bankların heç biri kriptovalyutaları valyuta kimi qəbul etmir. Düzdür, ABŞ-da və ya Avropada qanunla qadağan edilməyib, amma leqal da hesab olunmur. 

Böyük investerorlar da zaman-zaman bazara bundan çəkinməyi məsləhət görürlər. Sadəcə gələcəkdə spekülatif gəlir götürmək məqsədilə investerorlar bundan istifadə edirlər və ya müəyyən müddətə alıb-satırlar. Amma hələlik uzunmüddətli kriptovalyuta investisiya edənlərin sayı çox azdır".

Həmsöhbətimizin fikrincə, kriptovalyutanın taleyi dövlətlərin və mərkəzi bankların onları qəbul edib-etməyəcəyindən asılı olacaq:
"Hələlik kiçik ölkələri çıxsaq, heç bir dövlət bunu valyuta kimi qəbul etmir. Təbii ki, bu da həmin dövlətlərin maraqlarına uyğundur. Kriptovalyutada ödənişlərə nəzarət etmək mümkün deyil, çünki hər şey kodlar üzərindən idarə olunur. Ona görə də heç bir mərkəzi bank bu cür nəzarətsizliyə razı deyil. 

Ümumiyyətlə, pulun faiz dərəcəsi aşağı düşəndə və ya hansısa gözləntilər olanda kriptovalyutaya maraq artır. Gözləntilər doğrulmayanda isə qiymətlər aşağı düşür".

Xalid Kərimli əlavə edib ki, Azərbaycanda qanunla kriptovalyutanın alınması mümkün deyil:

"Siz səhm, istiqraz və ya xaricdə daşınmaz əmlak ala bilərsiniz. Amma kriptovalyuta almaq imkanlarınız yoxdur. Çünki qanunvericilikdə belə bir məsələ nəzərdə tutulmayıb".

Pərviz

0