Dövlət Komitəsindən 300 minlik tədbir - Qalib yenə “Şahdağ Mehmanxana” oldu

İQTİSADİYYAT
22:00 / 29.06.2023
508

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi "Şahdağ Mehmanxana” MMC ilə maliyyə dəyəri 330.400 AZN təşkil edən satınalma müqaviləsi bağlayır. 

Qaynarinfo xəbər verir ki, müqavilədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üçün 2020-2025-ci illər üçün Fəaliyyət Planından irəli gələn 2023-cü il üzrə tədbirlərin təşkilinin satın alınması nəzərdə tutulur. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reystr məlumatlarında "Şahdağ Mehmanxana” MMC-nin 6 may 1989-cu ildə qeydiyyata alındığı göstərilib. MMC-nin nizamnamə kapitalı 91 166 AZN, qanuni təmsilçisi isə Rəhmanlı Qəmbər Aydın oğludur. MMC-nin hüquqi ünvanı isə Quba rayonu Quba şəhəri, Y. Qasımov küçəsi, ev 66-da yerləşir.

"Şahdağ Mehmanxan” MMC bundan əvvəl ASC kimi fəaliyyət göstərib. 2015-ci ildə ASC-nin səhmləri satışa çıxarılıb. Səhmlərin satışı üzrə investisiya müsabiqəsində "A and J Liftinq” MMC qalib seçilib.

Bu şirkət 16 noyabr 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 510 540 AZN olan şirkətin qanuni təmsilçisi Məhərrəmzadə Əlibala Səttar oğludur.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bundan əvvəl cari ilin ikinci yarısında müvafiq dövlət proqramlarının öhdəlikdə olan bəndlərinin icrası məqsədilə və fəaliyyət istiqamətindən irəli gələn əlamətdar günlər üzrə tədbirlərin təşkilinin satın alınması üzrə tender keçirib. May ayında tenderin nəticələri açıqlanıb. Məlum olub ki, qalib "Şahdağ Mehmanxana” MMC-dir. 

Komitə ilə MMC arasında 959 576 manatlıq satınalma müqaviləsi imzalanıb. 

Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri sabiq deputat Bahar Muradovadır.

0