Dollar rubl qarşısında bahalaşmağa davam edir.
Son olaraq 1 ABŞ dolları 89 rublu keçdi. Bu isə 15 ay ərzində ilk dəfə qeydə alınırdı. Rublun bir anda bu qədər uzuclaşması diqqət çəkir. Hazırda 1 dollar təxminən 90 rubla ticarət olunur.
Maraqlıdır, dolların rubl qarşısında bu qədər bahalaşmasının ən böyük səbəbi müharibə və sanksiyalardır, yoxsa başqa amildir?
Mövzu ilə bağlı HİT.az-a açıqlama verən Xalid Kərimli bildirib ki, rublun ucuzlaşmasının bir neçə səbəbi var:
"Bu səbəblərin başında enerji qiymətlərinin ötən illə müqayisədə ucuz olması gəlir. İndi həm qazın, həm də neftin qiyməti ötən illə müqayisədə daha ucuzdur. Bu da Rusiyanın valyuta gəlirlərini və rublun dəyərini aşağı salır.
Təbii ki, burada müharibə və sanksiyaların da rolu var. Amma keçən il də müharibə və sanksiyalar var idi. Nə üçün rubl bu il daha da ucuzlaşıb? Keçən illə bu ilin əsas fərqi odur ki, qaz qiymətləri indikindən təxminən 10 dəfə baha idi. Həmçinin, neft qiymətləri də ötən il bundan ən azı 50-60% daha baha idi. Əlbəttə ki, bunların da rublun məzənnəsinə təsiri var. Ümumiyyətlə, rubl enerji və əmtəə qiymətlərindən çox asılıdır".
Pərviz