Quzanlının abadlaşdırılması ilə bağlı tender ləğv olundu - Komissiya qanunsuzluğa yol verib

İQTİSADİYYAT
16:29 / 04.07.2023
584

Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Quzanlı Ərazi Nümayəndəliyi keçirdiyi tender ləğv edilib. 

Valyuta.az xəbər verir ki, tender Quzanlı qəsəbəsində abadlıq işlərinin satın alınması ilə keçirilib. Satınalma müsabiqəsi “Dövlət satınalmaları haqqında” Qanunun 4.1.2, 38.2 və 57.3.7-ci maddələrinə istinadən ləğv edilib. 

4.1.2-ci maddədə qeyd edilir ki, dövlət vəsaiti hesabına malların (işlərin və xidmətlərin) müsabiqə əsasında satın alınmasının qanuniliyinə və müqavilələrin icrasına nəzarət edir, mübahisəli məsələləri araşdırır, qanunvericiliyin pozulması hallarını aşkar etdikdə, satınalma prosedurlarını 7 bank gününədək dayandırır və lazım gəldikdə satınalan təşkilat qarşısında tenderin nəticələrinin ləğv edilməsi barədə məsələ qaldırır.

38.2-ci maddədə isə bildirilir ki, tender komissiyası bu Qanunla müəyyənləşdirilmiş vəzifələrini yerinə yetirərkən qeyri-obyektivliyə yol verərək, hər hansı iddiaçının tərəfini saxlayarsa, iddiaçılardan hər biri müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilər. Həmin orqanlar tenderin hazırlanması və keçirilməsi zamanı qanun pozuntusuna yol verildiyini təsdiqləyərsə, tenderin nəticələri ləğv olunur və satınalan təşkilat həmin iş üzrə yeni tender keçirir. Bu halda qəbul olunmuş qərardan fərqlənən xüsusi rəy vermiş komissiya üzvlərindən başqa, komissiyanın sədri və digər üzvləri 3 il müddətində hər hansı tender komissiyasının sədri və ya üzvü ola bilməzlər.

Nəhayət, 57.3.7-ci maddədə satınalma prosedurlarına xitam verilməsi barədə sərəncam vermək nəzərdə tutulur. 

Beləliklə, aydın olur ki, tender komissiyası qanunsuzluğa yol verib. Bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edilib. Qurum da tenderin ləğv olunması barədə nümayəndəliyə məktub göndərib.

0