Dövlət Məşğulluq Agentliyi qurumun Bakı Regional Məşğulluq Filialı üçün ofis sahəsinin icarəsinin satın alınması ilə bağlı tenderə yekun vurub.
Qaynarinfo xəbər verir ki, tenderin qalibi fərdi sahibkar Rzayev Xudaqulu Əhət oğlu seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 795 600,27 AZN-dir.
Tenderin şərtlərindən məlum olur ki, qurum 2301 kv.metrlik sahəni 36 ay müddətinə icarəyə götürür. Bu halda aylıq icarə haqqı 22 100 AZN-ə başa gəlir.
Xudaqulu Rzayev barəsində apardığımız araşdırmalar zamanı məlum olub ki, o, 1994-1996-cı illərdə "Şumer” firmasında kommersiya direktoru vəzifəsini icra edib. 1996-cı ildə "İlandağ-SA”, 2007-ci ildə "Bəytaş-Bakı”, 2010-cu ildə "Dəniz uşaq baxçası”, 2011-ci ildə "Evrika liseyi”, 2017-ci ildə "İntelekt-RX” MMC müəssisələrini təsis edib. 2012-ci ildə Xudaqulu Rzayev bu firmaları birləşdirərək "Minera” MMC-ni yaradıb.
Onun "Minera" MMC-nin təsisçisi olması barədə məlumat şirkətin veb-səhifəsində də yer alıb.
Xudaqulu Rzayev haqqında bioqrafik məlumatlarda onun hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olduğu qeyd edilib.
Xudaqulu Rzayev 2020-ci ildə keçirilən parlament seçkilərində 18 saylı Nərimanov-Nizami seçki dairəsindən namizəd olub.