Cəbrayılda 720 minlik söküntü - Sosial İnkişaf Fondunun tenderini udan şirkət kimindir?

İQTİSADİYYAT
18:13 / 07.07.2023
402

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Cəbrayıl rayonunun 1042 ailəlik (birinci mərhələdə - 635 ailəlik) Şükürbəyli kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar mövcüd dağılmış, sökülmüş yaşayış binalarının və digər tikililərin söküntü işləri ilə bağlı keçirdiyi tenderə yekun vurub. 

Hit.az xəbər verir ki, tenderin qalibi “Konsept Holding” MMC olub. Söküntü işləri Fonda 720.299,95 AZN-ə başa gələcək. 

Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, nizamnamə kapitalı 2000 AZN olan “Konsept Holding” MMC 2000-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, M.Mirqasımov küçəsi, ev 29, mənzil 150A-da yerləşir. MMC-nin qanuni təmsilçisi isə Hüseynov Tahir Rasim oğludur.

Yerli medianın yazdığına görə, “Konsept Holding” əvvəllər “Azəri Servis LTD” MMC adı altında fəaliyyət göstərib. Bu MMC-nin sahibi isə Nasir Mustafazadə olub. Nasir Mustafazadə barədə məlumatlarda onun “Azəri Servis LTD” MMC-nin direktoru olduğu qeyd edilir.

Nasir Mustafazadənin özünə gəlincə, o, əvvəllər “Azərkəndsutəchizatı” Dövlət Konsernində işləyib.

Anar

0