Kartof və soğan bahalaşacaq? - AÇIQLAMA 

İQTİSADİYYAT
13:48 / 10.07.2023
691

Son zamanlarda kartof və soğanın qiymətinin bahalaşacağı proqnozlaşdırılır. 

Buna səbəbin məhsulun az olması göstərilir. Artıq bazarlarda da yaxın zamanda artım ola biləcəyini deyirlər. Bu isə əlbəttə ki, alıcıları narahat edir.

Ümumiyyətlə, bu deyilənlər nə dərəcə doğrudur? Kartof və soğanın qiyməti bahalaşacaqmı?

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, hələ payıza qədər məhsul yığılacaq:

"Sadəcə olaraq, əkin sahələrinin az olması səbəbindən şaiyələr yayılıb. Əkin sahələrinin az olmasına görə, məhsulun da az olacağını demək mümkün deyil. Çünki  məhsuldarlıq yüksək ola bilər. Yəni çox geniş sahədə əkin edib, az məhsul götürmək də mümkündür. Ümumi əkin sahələri haqqında məlumat bəlli olduqdan sonra fikir söyləmək olar. Amma nisbətən 5-10% az əkin sahəsi olduğuna görə qiymətlərin bahalaşacağını demək yanlışdır. Çünki son illər soğanın əkin sahələrinin azalmasına baxmayaraq, məhsul yığımının çox olduğunu görmək olur. Hətta bu onu göstərir ki, fermerlərimiz az sahədən daha çox məhsul yığa bilirlər. Bazarı çox və ya az sahədə məhsul əkilməyi maraqlandırmır. Bazarı maraqlandıran yığımın həcmidir. Yəni bazarda məhsul az olanda qiymətlər qalxır, məhsul çox olanda qiymətlər ucuzlaşır".

329649

Ekspert əlavə edib ki, kartofu isə həm də xaricdən idxal edirik:

“Yəni kartof qiymətlərinin formalaşmasında idxalın da rolu var. Düzdür, 95% soğanla özümüzü təmin edirik. Kartofda isə bir az fərqli məqamlar var. Yəni idxal burada rol oynayır. Qiymətlərin formalaşması zamanı həm kartof bazarında, həm də İrandan gələn məhsulların qiymətinin necə dəyişəcəyi də əhəmiyyətlidir. İndiki çərçivədə bunları bilmədən konkret fikir söyləmək çətindir. Amma ümumi şəkildə son illərdə ərzaq məhsullarının inflyasiyası müşahidə edilir. 

Ərzaq məhsulları ötən il 22-23% bahalaşdı, bu il isə ötən illə müqayisədə 16-17% bahalaşma var. Yəni ərzaq məhsullarında zatən qiymət artımı baş verir. Soğan və kartof kimi məhsullarda isə qiymət həm də sezonun həssaslığı ilə formalaşır. Məhsul yığımı dönəmində qiymətlər ucuz olur, amma qış aylarında qiymətlər daha yüksək olur. Bu faktorları da nəzərə almaq lazımdır. Yanvar-fevral aylarında soğan-kartof qiymətlərinin yüksək olmasının səbəbi də budur".

Pərviz

0