Birrəqəmli inflyasiyaya nə zaman nail olacağıq? - ARAŞDIRMA

İQTİSADİYYAT
19:13 / 16.07.2023
595

Azərbaycan hökuməti bu il ölkədə gözlənilən inflyasiya səviyyəsini 13,5 faiz həddində proqnozlaşdırır. Əvvəlki illərlə müqayisədə bu sahədə optimist rəylər səsləndirilsə də, mövcud şəraitdə həm aidiyyəti qurumlar, həm də ekspertlər ehtiyatlı davranırlar.

“Kaspi” qəzeti mövzu ilə məqalə dərc edib.

İqtisadçı Rəşad Həsənov bildirib ki, inflyasiyanın aşağı düşməməsinin səbəbləri çoxdur:

“Prezident tərəfindən 2022-ci ilin fevral ayında Azərbaycanda anti-inflyasiya tədbirləri ilə əlaqədar fərman imzalanıb. Lakin bu fərmanın icrası ilə bağlı gecikmələr baş verdi. 2022-ci il ərzində sadəcə manatın məzənnəsini sabit saxlamaqdan başqa çox ciddi addımlar atılmadı. Hansı ki, həm təşviq mexanizmləri, həm vergi, gömrük rüsumu alətləri, həm yerli istehsalın dəstəklənməsi, həm daxili bazarda təklif bolluğunun yaradılması inflyasiyaya müəyyən mənada təsir göstərən amillərdir. Yalnız 2023-cü ilin əvvəlində vergi və gömrük rüsumları ilə bağlı müəyyən dəyişikliklər oldu”.

R.Həsənovun sözlərinə görə, inflyasiya dünya ölkələrində də var, lakin onlar vəziyyətdən çıxış yolunu tapa bilirlər:

“İnflyasiya qlobal bazarlarda da müşahidə olunur. Azərbaycan bir sıra sahələrdə idxaldan asılıdır. Bu problem bazarda qiymətlərdə də əks olunur. Bir sıra ölkələr, xüsusən də bazara təsiretmə gücü olan mərkəzi banklar inflyasiya yüksək olanda uçot dərəcəsini artırmaqla tələbin həcmini aşağı salırlar. Yəni, bazara daxil olan pul kütləsini azaldırlar, bazar da tələbi azaldır və bununla da qiymət artımları istiqamətində müəyyən optimallaşmaya nail olunur. Amma bizdə inflyasiyanın strukturunda tələbdən qaynaqlanan təsir səviyyəsi çox aşağıdır. Buna görə də atılan addımlar real təsir göstərə bilmir. Bank sektorunda inflyasiya dövründə kredit portfelinin genişlənməsi və ölkədə pul kütləsinin artımı baş verir”.

İqtisadçı vurğulayıb ki, inflyasiya nisbətən zəifləyib:
“Hətta, may ayında deflyasiya da baş verib. Proses gedir, amma ciddi nəticənin əldə edilməsini gözləmirəm. Qiymətin optimal səviyyəsinin müəyyənləşməsi daha çox rəqabətli bazarda formalaşır. Bizim bazarın strukturu, statistikası bu ehtimalı zəiflədir. Həmçinin, uçot dərəcəsinin bazara təsiri də çox azdır. Eyni zamanda, hökumət də tədbirlər planında gecikir. Xüsusilə, yerli istehsalın dəstəklənməsi, rəqabətli istehsal mühitinin yaradılması, idxaldan asılılığın azaldılması lazımdır. Bu məsələlərə görə inflyasiyanın azalmasını nisbətən zəif templə müşahidə edirik. Birrəqəmli inflyasiya faizini isə ən yaxşı halda 2024-cü ildə görə bilərik”.
Millət vəkili Vüqar Bayramovun fikrincə, birrəqəmli inflyasiya ilə bağlı proqnozlar verilsə də, bu, yaxın tarixdə mümkün olmayacaq:

“Aparılan təhlillər və monitorinqlər göstərir ki, istehlak bazarında idxal inflyasiyası xüsusi təsirə malikdir. Yəni idxal edilən məhsulların qiymətindəki artım istehlak bazarına da təsir göstərir. İstehlak bazarında 2023-cü ildə də qiymət artımları davam edir. 2022-ci illə müqayisədə qiymət artımının 2023-cü ilin ikinci yarısında müəyyən qədər səngiyəcəyi gözlənilir. Hökumət, Mərkəzi Bank tərəfindən birrəqəmli inflyasiya arzulansa da, ilkin gözlənti ikirəqəmli inflyasiyanın olacağı istiqamətindədir. Çünki bazarda idxal inflyasiyası aktivdir”.

V.Bayramov düşünür ki, dünya bazarlarında baş verən ucuzlaşma bizə də öz təsirini göstərə bilər:

“Qlobal bazarda qiymətlərin müəyyən qədər azalmasını müşahidə edirik. Hətta Avropa İttifaqı, Amerika Birləşmiş Ştatlarında qiymətlərin əvvəlki illərlə müqayisədə daha az artması da gözlə görünəcək səviyyədədir. Ötən il qlobal bazarda aktiv olan inflyasiya faktorları bu gün o qədər də aktiv deyil. Ona görə də bizim məhsul idxal etdiyimiz ölkələrdən bəzilərində qiymətlərin azalması müşahidə olunur. Lakin əsas məhsul idxal etdiyimiz ölkələr olan Rusiya və Türkiyədə yenə də inflyasiya səviyyəsi yüksəkdir. Dünya və regional bazarlarda qiymətlərin optimallaşması idxal inflyasiyasının tənzimlənməsinə gətirib çıxara bilər. 2023-cü ilin ikinci yarısında inflyasiya səviyyəsi birinci yarım illə müqayisədə müəyyən qədər azalacaq. Bu da daha çox idxal olunan məhsulların qiymətlərinin optimallaşması ilə bağlıdır”.

Sonda millət vəkili bildirib ki, inflyasiyanın tənzimlənməsi üçün çox vacib məqamlardan biri yerli istehsalın genişləndirilməsi və tələbin daha çox yerli istehsal hesabına ödənilməsinə nail olunmasıdır.

0