Azərbaycanda kredit faizləri niyə yüksəkdir? - ŞƏRH

İQTİSADİYYAT
13:14 / 20.07.2023
907

Azərbaycandakı bankların kreditləri yüksək faizlərlə verməsi hər zaman narazılıqla qarşılanır.

Çünki ölkəmizdə fəaliyyət göstərən banklar ortalama 20-30 faizlə kredit verirlər. Bu isə yekunda götürülən məbləğdən çox daha artığını ödənməsinə gətirib çıxarır. Vətəndaş kredit götürdükdən sonra onu çox böyük faizlə geri qaytarmağa məcbur olur. Təbii ki, bu da öz növbəsində kreditin ödənilməsində çətinliklərin yaranmasına gətirib çıxarır. Bu isə problemli kreditlərin həcmini artırır.

Ümumiyyətlə, nə üçün Azərbaycandakı bankar krediti çox yüksək faizlə verirlər? Bunun qarşısını almaq üçün hansı addımları atmaq olar?

330292

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən iqtisadçı ekspert Elşən Bağırzadə bildirib ki, beynəlxalq təşkilatların da hesabatlarında bu məsələ zaman-zaman gündəmə gətirilir:

"Azərbaycanda kredit faizləri yüksəkdir. Təbii ki, bunun bir sıra səbəbləri var. Banklar kredit resurslarını nisbətən daha yüksək faizlərlə formalaşdırırlar. Belə ki, Mərkəzi Bankın uçot dərəcəsi, əmanətlərə verilən faiz dərəcələri nisbətən yüksəkdir. Bununla yanaşı, ayrılmış kreditlərin faizlərinə baxdıqda bankların əməliyyat xərclərinin də kifayət qədər yüksək olduğunu görmək mümkündür. Məsələn, 1-3 il arası əmanətlərin faizləri 8-9%-dirsə, 1-3 illik kreditlərin faizləri təxminən 17-18%-dir. Burada risk səviyyəsinin yüksək olması da əsas səbəblərdən biridir".


Ekspert vurğulayıb ki, bütün bunların fonunda kredit faizlərinin aşağı salınması üçün bank sektorunun ucuz və yetərli miqdarda kredit resursu cəlb etmə imkanları olmalıdır:

"Eyni zamanda, bankların idarəedilməsi də təkmilləşdirilməli və əməliyyat xərcləri minimumlaşdırılmalıdır. Həmçinin, bankların idarəedilməsi də təkmilləşdirilməli və əməliyyat xərcləri minimumlaşdırılmalıdır.

Dünyada puldan bol heç nə yoxdur və kifayət qədər də ucuzdur. Sadəcə bu resursları ölkəyə cəlb etməyi bacarmaq lazımdır. Dünyada çox aşağı faizlərlə kreditlər ayıran maliyyə institutları var. Bunların bəziləri beynəlxalq statusludur və bir çoxunum da qurucuları arasında Azərbaycan da var. Bu institutlardan ucuz kredit cəlbinə calışmaq lazımdır. Ümumiyyətlə, kredit təklifi bollaşdıqca, bank sektorunda rəqabət də artacaq kredit faizləri də aşağı düşəcəkdir".

Pərviz

0