Son günlərdə düyü qiymətlərinin bahalaşacağı ilə bağlı proqnozlar durmadan artmaqdadır.
Əlbəttə ki, bu da əbəs yerə deyil. Belə ki, Hindistan basmati istisna olmaqla, bütün növ düyü ixracını qadağan etməyi düşünür. Bu isə dünyada ciddi narahatçılığa səbəb olub. Çünki Hindistan hazırda dünyanın düyü ehtiyacının 40 faizini qarşılayır. Yəni Hindistanın dünyanın ən böyük düyü tədarükçüsü olduğu üçün belə bir qərarın qəbul olunmasının bütün dünyaya təsir edəcəyi proqnozlaşdırılır.
Ümumiyyətlə, Hindistanın bu qərarı bazara necə təsir edəcək? Azərbaycanda düyünün bahalaşması gözlənilir?
Mövzu ilə bağlı HİT.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, Hindistanın düyü qiymətlərinə təsiri, Ukraynanın buğda qiymətlərinə təsirindən daha güclüdür:
"Müqayisə üçün deyim ki, Ukrayna dünyaya 7-8% buğda ixrac edir. Hindistan isə dünya ixracının 40 faizini qarşılayır. Hindistanın qadağan etdiyi qeyri-basmati düyüləri isə ümumi ixracın yarısını təşkil edir. Bu isə o deməkdir ki, dünya düyü ixracı 20% azalacaq. Təbii ki, bu azalma da qiymətlərin yüksəlməsinə səbəb olacaq. Hindistanın düyü ixracını azaltması dünyada düyü qiymətlərini bahalaşdıracaq. Bu, birmənalıdır".
Ekspert vurğulayıb ki, Azərbaycan düyü ixracından asılıdır:
"Azərbaycanda yerli istehsalat təlabatı çox cüzi ödəyir. Əsasən, biz düyünü Hindistan, Pakistan və İrandan idxal edirik. Bu idxalın 70-80 faizi də məhz Hindistandan gəlir. Azərbaycan ötən ilin sonlarında Pakistandan gələn düyünü vergi və rüsumdan azad etdi. Bu baxımdan, qiymətin bahalaşmasına müdaxilə edildi, həm də dost Pakistandan düyü idxalı artırıldı.
Lakin dünyada düyü bahalaşdığı üçün Azərbaycana gələn düyünün də qiymətində artım müşahidə edəcəyik. Amma bu cür bahalaşmalar adətən 6 aydan sonra qiymətlərin dəyişməsinə təsir edir. Çünki düyü idxalçılarına anbarda olan ehtiyatları, yollarda olan yüklər, ödənilən avanslar köhnə qiymətlərlə almağa imkan verir. Yəni bazarlar bahalaşma və ucuzlaşmaya bir qədər ləng reaksiya verir. Ona görə də dünyada bahalaşacaq düyü qiymətlər Azərbaycanda bir neçə aydan sonra hiss olunacaq".
Pərviz