Bu ilin I yarısında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin (Xidmət) mərkəzi aparatı və onun regional maliyyə müfəttişlikləri 72 təşkilatda (nəzarət obyektləri) apardığı yoxlamalarla ümumilikdə 52 milyon 602,4 min manat artıq və əsassız ödənişlər aşkar edib.
Valyuta.az bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə Dövlət Xidmətinin fəaliyyətinin əsas hissəsi Baş Prokurorluqdan və hüquq mühafizə orqanlarından nəzarət tədbirlərinin aparılması barədə Maliyyə Nazirliyinə daxil olmuş xeyli sayda məktub və qərarların icrası ilə əlaqədar olub.
Belə ki, prokurorluq və hüquq mühafizə orqanlarının məktublarına və qərarlarına əsasən 2015-ci ildən 2023-cü ilə qədər olan dövrü əhatə etməklə 57 təşkilatda yoxlamalar aparılıb. Həmin təşkilatlarda qeyd edilən dövr ərzində 1 milyard 205,3 milyon manat məbləğində vəsaitin istifadəsi və gömrük ödənişləri şəklində dövlət büdcəsinə daxil olmuş 18 milyon 663,6 min manat məbləğində vəsaitlərin hesablanmasının düzgünlüyü yoxlanılıb. Yoxlama ilə həmin təşkilatlarda 48 milyon 300,4 min manat məbləğində artıq və əsassız ödənişlər, 131 milyon 902,9 min manat məbləğində gömrük ödənişlərinin az hesablandığı və nəticədə bu məbləğdə vəsaitin (131 milyon 902,9 min manat) dövlət büdcəsinə az ödənildiyi aşkar edilib. Aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlamaların nəticələrinə dair tərtib edilmiş aktlar əlavələri ilə birlikdə aidiyyəti üzrə prokurorluq və hüquq mühafizə orqanlarına göndərilib
Dövlət Maliyyə Nəzarəti Xidmətinin iş planına əsasən 15 təşkilatda 2019-cu ildən 2023-cü ilə qədər olan dövrü əhatə etməklə 1 milyon 123,4 min manat məbləğində vəsaitin istifadəsi yoxlanılıb. Həmin təşkilatların 14-də 675 milyon manat məbləğində vəsaitin istifadəsinin yoxlanılması ilə bu təşkilatlarda 1 milyon 150,1 min manat artıq və əsassız ödənişlərə yol verildiyi aşkar edilib. Artıq və əsassız ödənişlərin nəzarət tədbirlərinin gedişində dövlət büdcəsinə tam olaraq bərpası təmin edilib. İş planına əsasən 1 təşkilatda isə aparılan nəzarət tədbiri ilə 448,4 milyon manat məbləğində vəsaitin istifadəsi əhatə olunub, bu təşkilatda aşkar edilmiş 3 milyon 151,9 min manat məbləğində artıq və əsassız ödənişlərə hüquqi qiymət verilməsi üçün yoxlama materialları Baş Prokurorluğa göndərilib
Dövlət Maliyyə Nəzarəti Xidmətinin iş planına əsasən aparılmış nəzarət tədbirləri ilə (Baş Prokurorluğa göndərilən 1 nəzarət tədbiri istisna olmaqla) aşkar edilən nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində müvafiq protokollar tərtib edilib, İnzibati Xətalar Məcəlləsinin 410.1 və 410.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törətdiklərinə görə 22 nəfər vəzifəli şəxsə 20,4 min manat məbləğində cərimələr tətbiq edilib və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin edilib.
Xidmət tərəfindən hesabat dövründə aparılmış nəzarət tədbirləri nəticəsində aşkar olunmuş nöqsanların aradan qaldırılması və belə nöqsanlara digər təşkilatlarda yol verilməsinin qarşısının alınması məqsədilə, habelə nöqsanlara yol verilməsində təqsiri olan vəzifəli şəxslər barəsində səlahiyyətləri daxilində tədbirlər görülməsi üçün həmin təşkilatların tabe olduqları mərkəzi icra hakimiyyəti və müvafiq yerli icra hakimiyyəti orqanlarına məktublar göndərilib, müvafiq tövsiyələr verilib.