9 milyon borcu olan "ATEF Şirkətlər Qrupu” növbəti dəfə məhkəməlik oldu - 3 minlik cərimə...

İQTİSADİYYAT
21:30 / 28.07.2023
714

"ATEF Şirkətlər Qrupu” gömrük qaydalarının pozulmasına görə yenidən məhkəməyə verilib. 

Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsi ilə gömrük qaydaları əleyhinə olan (Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmaması, yaxud həmin əraziyə qaytarılmaması) inzibati xəta protokolu tərtib edilib. 

İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddasinə əsasən, Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni bir aydan üç ayadək müddətə gecikdirilməklə Azərbaycan gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə hüquqi şəxslər 2 min manatdan 3 min manatadək məbləğdə cərimə edilir.

İşə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Zaur Tağıyevin sədrliyi ilə baxılacaq. 

Qeyd edək ki, bir neçə gün əvvəl şirkət iqtisadi fəaliyyət qaydalarını pozmaqda təqsirli bilinib. MMC-yə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol yazılıb. Müddəanın tələblərinə əsasən, şirkət xidmət almaq üçün avans yolu ilə ölkə xaricinə valyuta çıxarıb. Lakin hər hansı xidmət almayıb və həmin valyuta ölkəyə geri qaytarılmayıb.

Protokola Suraxanı Rayon Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə baxılacaq. İddia təsdiqini taparsa, şirkəti ölkədən çıxardığı valyutanın 30 faizi məbləğinda cərimə cəzası gözləyir.

Xatıradaq ki, "ATEF Şirkətlər Qrupu” 2009-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətlər qrupu 1961-ci ildən Bakıda fəaliyyət göstərən mayesiz transformatorlar zavodunun bazasında yaradılıb və 1998-ci ildə özəlləşdirililib. "ATEF Şirkətlər Qrupu”nun Müşahidə Şurasını sədri Talıb Əlixanbəyovdur. Onun Dövlət Gömrük Komitəsinin sabiq sədri, general-polkovnik Səfər Mehdiyevlə dostluq münasibətlərinin olduğu deyilir. 
Səfər Mehdiyevin vəzifədən getməsindən sonra şirkətdə ciddi maliyyə problemləri yaranıb. Şirkətin qanuni təmsilçisi isə Talıb Əlixanbəyovun oğlu Emil Əlixanbəyovdur. "ATEF Şirkətlər Qrupu"nun İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 9 milyon 521 min 876 manat 16 qəpik vergi borcu var. 

"ATEF Şirkətlər Qrupu” MMC-nin rəhbərinin ölkədən çıxışına "stop” qoyulduğu deyilir.

0