Turizm Agentliyindən qoruq ərazisində 700 minlik təmir - Qalmaqallı şirkət qalib oldu

İQTİSADİYYAT
23:32 / 28.07.2023
771

Dövlət Turizm Agentliyi İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisindəki evlərin, həmçinin Dərəməhəllə və Xarabiyan məhəllələri arasındaki küçənin tarixi mühitə uyğunlaşdırılması işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub. 

Qaynarinfo xəbər verir ki, tenderin qalibi "İsmayıllı Tikinti-27” Açıq Səhmdar Cəmiyyəti (ASC) seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 695.741,49 AZN-dir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "İsmayıllı Tikinti-27” ASC 5 iyun 1999-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 339 144 AZN olan ASC-nin hüquqi ünvanı İsmayıllı rayonu, İsmayıllı şəhəri, M.Orucov küçəsi, ev 100-də yerləşir. ASC-nin qanuni təmsilçisi Əliyev Azad Gülməmməd oğludur. Azad Əliyev həm də ASC-nin İdarə Heyətinin sədridir.  

"İsmayılli Tikinti-27” ASC-nin adı keyfiyyətsiz beton satmaqda hallanır. Bir müddət əvvəl bu barədə mediada geniş material yer alıb. Vüsal Həsənov adlı şəxs iddia edib ki, "İsmayıllı Tikinti-27” ASC ona keyfiyyətsiz beton satıb. Vüsal Həsənov dediklərini əsaslandırmaq üçün bununla bağlı video da paylaşıb. 

2018-ci ildə isə "İsmayıllı Tikinti-27” ASC-nin adı rüşvət qalmaqalında hallanıb. İsmayıllı rayon prokurorunun böyük köməkçisi Faiq Quliyevin qanunsuz əməlləri barədə daxil olmuş vətəndaş müraciəti əsasında baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Araşdırma zamanı Faiq Quliyevin xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar "İsmayıllı Tikinti-27” ASC-nin idarə heyətinin sədri Azad Əliyevdən sonuncuya məxsus qum-çınqıl karxanasının fəaliyyəti ilə bağlı aparılmış araşdırmanın nəticəsində barəsində cinayət işinin başlanmaması üçün, yəni edəcəyi qanunsuz hərəkətlərə görə 14 iyul 2018-ci il tarixdə, İsmayıllı rayon prokurorluğunun inzibati binasında külli miqdarda pul vəsaitini rüşvət kimi şəxsən Azad Əliyevdən almasına əsaslı şübhələr müəyyən edilib.

İstintaq zamanı, həmçinin Faiq Quliyevin 17-18 iyul tarixlərində Qalib Süleymanova məxsus karxananın fəaliyyəti ilə bağlı aparılmış araşdırma zamanı sonuncunun cinayət məsuliyyətinə cəlb olunmaması müqabilində İsmayılli rayon prokurorluğunun inzibati binasında ondan külli miqdarda rüşvət almasına da əsaslı şübhələr müəyyən edilib.

Faiq Quliyevin rayon prokurorluğunda olan xidməti otağına baxış keçirilərkən seyfdə rüşvət kimi aldığı pul vəsaiti aşkar edilərək maddi sübut kimi götürülüb.

İş üzrə Faiq Quliyevə Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma ) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Faiq Quliyev 8 il müddətinə azadlıqdan məhrum edilib. Şəki Apellyasiya Məhkəməsi onun cəzasını 6 ilə endirib. 

0