Toğrul Vəliyev: İşsizlikdən Sığorta Fondunun vəsaitləri bəlli olmayan səbəblərə görə bəzi dövlət qurumlarının saxlanmasına xərclənir

İQTİSADİYYAT
14:03 / 29.07.2023
599

Azərbaycanda rəsmi əmək müqaviləsi ilə çalışanlar hər ay maaşlarının 0.5%-ni İşsizlikdən Sığorta Fonduna köçürür. Bəs İşsizlikdən Sığorta Fonduna yığılan vəsaitlər hara xərclənir? 2022-ci il üzrə  İşsizlikdən Sığorta Fondunun verdiyi hesabata görə, fond  164 milyon manat vəsait toplayıb. 

Məşğulluq orqanlarının, DOST agentliyinin və Milli Observatoriyanın saxlanmasına toplam 70 milyon manat xərclənib. Yəni, İşsizlikdən Sığorta Fondunun xərclərinin 43%-i məhz bu qurumların saxlanılmasına sərf edilib. Fond 2022-ci ildə işini itirən şəxslərə cəmi 8.1 milyon manat sığorta ödənişi edib. Bu, fondun bütün xərclərinin 3.5%-i deməkdir. 

İşsizlikdən Sığorta Fondunun 2023-cü ildə proqnozlaşdırılan xərcləri arasında işsizliyə görə sığorta ödənişi 5,2% təşkil edir. Eyni zamanda Dövlət Məşğulluq Agentliyinin aparatının və onun yerli orqanlarının, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın saxlanılması xərclər 21%, “DOST” Agentliyinin sosial sahədə xidmətlərin təşkili üzrə fəaliyyətinin müştərək maliyyələşdirilməsi xərcləri 16,5% təşkil edir. Başqa sözlə ƏƏSMN-a aid dövlət qurumların saxlanma xərcləri fond xərclərinin 37,5%-ni təşkil edir. 

Nəzərə alanda ki, bu fondun gəlirləri işçilərin maaşı formalaşır bu fondun vəsaitlərinin xərclənmə istiqamətləri də maraq doğurur. 

İşsizlikdən Sığorta Fondunun vəsaitlərinin xərclənmə istiqamətləri və ümumilikdə Fondun fəaliyyəri barədə fikirlərini HİT.az-la bölüşən iqtisadçı Toğrul Vəliyev bildirib ki, İşsizlikdən Sığorta Fondunun vəsaitləri bəlli olmayan səbəblərə görə bəzi dövlət qurumlarının saxlanmasına xərclənir. 

“Fikrimcə, bu tamamilə düzgün deyil. Ümumiyyətlə, bu dövlət qurumlarının orada niyə mövcud olmasının səbəbi də  bəlli deyil. Misal üçün, orada Milli Observatoriya fəaliyyət göstərir bu nə ilə məşğul olur? Rəqib tədqiqatları müvafiq sahədə çalışan institutlar, özəl şirkətlər edə bilərlər. Bununla bağlı nazirlik özü daimi olaraq sifariş verməlidir, yəni bu  onun işidir və bununla məşğul olmaq üçün  xüsusi qurumların yaradılması məntiqsizdir. 

Toğrul Vəliyev eyni zamanda İşsizlikdən Sığorta Fondunun vəsaitləri hesabına maliyyələşən qurumların niyə məhz bu fondun hesabına fəliyyətinin təmin olunmasının səbəbinin məlum olmamasını da diqqətə çatdırıb; “Əvəzedici funksiyaları daşıyan DOST agentliyin saxlanması, vəsaitlərin bura yönləndirilməsi , ümumən mənasızdır. Bu vəsaitlər daha çox sığorta kimi gələcək üçün saxlamalıdır. İnsanlara ödənişləri artırmaq lazımdır. Bu sığorta fondu yaradandan sonra ödənişlər əksinə azaldıb. Yəni insanlar üçün hazırda ediləndən fərqli olaraq bu vəsaitlər hesabına bir çox şeylər etmək olardı”.

Aynur Qəniyeva

0