Abşeron xəstəxanasında 22 minlik dezinfeksiya

İQTİSADİYYAT
18:43 / 31.07.2023
518

Abşeron Rayon Mərkəzi Xəstəxanası dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub. 

Hit.az xəbər verir ki, tenderin qalibi “Ecomedi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) seçilib. 

Xəstəxana ilə şirkət arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 22 921,5 AZN-dir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “Ecomedi” MMC 16 iyun 2020-ci il tarixdə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Ziya Bünyadov küçəsi, bina 5, mərtəbə 4, məhəllə 1965-də yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Fəzail Maarif oğludur.

Fəzail Məmmədov haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. 

Ondan əvvəl şirkətin qanuni təmsilçisi Fərid Eyvazov olub. O, 2005-2006-cı illərdə Musa Nağıyev adına “Təcili Tibbi” yardım xəstəxanasında həkim-interna kimi fəaliyyət göstərib. 2008-2009-cu illərdə Nəsrəddin Tusi klinikasında, 2011-ci ildən 2012-ci ilədək Medikal Plaza Klinikasında işləyib. 2013-2016-cı illərdə isə Səhiyyə Nazirliyində özəl tibbi müəssisələrinin lisenziyalaşdırılmasında təcrübəli ekspert kimi fəaliyyət göstərən Fərid Eyvazov 2014-2015-ci illlərdə “Qrand-Hospital”da, 2015-2018-ci illərdə “Aliance-Clinik”də baş həkim kimi fəaliyyət göstərib.

“Ecomedi” MMC-nin veb-səhifəsində qeyd edilir ki, şirkət əsasən dezinfeksiya (xəstəlik törədən mikrorqanizmlərin məhv edilməsi və ya zərərsizləşdirilməsi), deratizasiya (infeksiya mənbəyi olan və onu yayan gəmiricilərin tələf edilməsi) və dezinseksiya (infeksion xəstəlikləri yayan həşəratların tələf edilməsi) ilə məşğuldur. 

Anar

0