Daşınmaz əmlak sahəsində tariflər tənzimləndi

İQTİSADİYYAT
21:04 / 31.07.2023
561

Tarif (qiymət) Şurasının qərarı ilə daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastrı xidmətləri üzrə tariflər və bir qrup dərman vasitəsinin qiyməti tənzimlənib. Yeni tariflərdə bir sıra güzəştlər nəzərdə tutulur.  

Valyuta.az xəbər verir ki, daşınmaz əmlak sahəsində idarəçilik sisteminin rəqəmsal texnologiyalar əsasında müasirləşdirilməsi, şəffaflaşdırılması, keyfiyyətli, çevik və etibarlı xidmətlərin göstərilməsi məqsədilə yeni xidmətlər təklif olunur. Bununla əlaqədar olaraq, yeni xidmətlər üzrə tariflərin müəyyən olunmasına, mövcud tariflərin tənzimlənməsinə zərurət yaranıb.

31 iyul 2023-cü il tarixində Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib, daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastrı xidmətləri üzrə tariflər, həmçinin dərman vasitələrinin qiymətləri təsdiq edilib.

Yeni tariflərlə bir sıra güzəştlər nəzərdə tutulur. Bu güzəştlər çərçivəsində şəhid ailəsi üzvlərinin, hərbi əməliyyatlar nəticəsində əlil olmuş hərbi qulluqçu və mülki şəxslərin daşınmaz əmlaklarına, işğaldan azad olunmuş ərazilərdə yerləşən daşınmaz əmlak obyektlərinə münasibətdə xidmət haqqına 50% güzəşt tətbiq olunur. Bununla yanaşı, kənd təsərrüfatı, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar üzrə, eləcə də çoxmənzilli yaşayış binalarının inventarlaşdırılması üzrə tariflər azaldılıb. Sahəsi 1000 kv.m-ə qədər olan əmlakların tariflərində də azalma tətbiq olunur. Yeni tariflərə uyğun olaraq, qeyri-yaşayış sahələri üzrə xidmətlərdə xərclər azalır.

Tarif (qiymət) Şurasının qərarına əsasən, tariflərin sayı 79-dan 60-a endirilib, qanunverciliyə dəyişikliklər nəticəsində yaranmış yeni 9 xidmət üzrə tariflər müəyyənləşdirilib, 21 tarif mövcud səviyyədə saxlanılıb, xidmət göstərilmədiyi üçün 29 tarif ləğv edilib, 5 tarif alt qruplara keçirilərək ümumiləşdirilib. Xidmət sayının optimallaşdırılması bir sıra istiqamətlər üzrə xidmət haqqının aşağı salınmasına və ya tamamilə ləğv edilməsinə imkan yaradıb. Həmçinin, yaşayış sahələrinin qeyri-yaşayış sahələri hesabına çarpaz maliyyələşdirilməsinin aradan qaldırılması məqsədilə müvafiq tariflərə dəyişikliklər edilib.

İclasda həmçinin yeni dövlət qeydiyyatına alınan 95 dərman vasitəsinin qiyməti təsdiq edilib və etibarlı təchizatın təmin olunması məqsədilə Səhiyyə Nazirliyindən müvafiq rəy alınmış 47 dərman vasitəsinin qiymətində Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalara və Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq dəyişikliklər aparılıb.

Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiyməti təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (//tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

Qərarlarla Tarif (qiymət) Şurasının rəsmi saytının (www.tariff.gov.az) “Şuranın qərarları” bölməsində tanış olmaq olar.

0