Rusiyada çay və kofe qiymətləri bahalaşıb.
Firmalar rublun kəskin ucuzlaşması səbəbindən bu addımı atıblar. Bir neçə brendin qiymətlərində 4-5% artım qeydə alınıb. Bəzi firmalar isə sentyabrın 1-dən etibarən müxtəlif çay və qəhvə qiymətlərində 6-9% bahalaşma olacağını açıqlayıblar.
Həmçinin, bu həftə yayımlanan bir hesabatda dünyada qəhvə qiymətlərinin 2,2% bahalaşdığı qeyd olunub.
Maraqlıdır, son zamanlarda çay və kofe qiymətlərinin Rusiyada, eləcə də dünyada bahalaşmasının Azərbaycan bazarına hansı təsirləri olacaq?
Mövzu ilə bağlı HİT.az-a açıqlama verən iqtisadçı ekspert Elmir Səfərli bildirib ki, Rusiyada istehsal olunan bütün ərzaq məhsullarında qiymət artımı müşahidə olunur:
"Buna səbəb olan bir çox faktor var. Təbii ki, bu faktorlardan birincisi ümumi olaraq istehsal amilləri hesab olunan və ən əsası xarici ölkələrdən alınan xam malların qiymətinin artmasıdır. Eyni zamanda, Rusiyaya qarşı tətbiq olunan embarqoların nəticəsində ölkəyə bu xam malların daxil olmamasıdır. Digər tərəfdən, rublun digər valyutalara qarşısında ucuzlaşması da birmənalı olaraq bahalaşmaya təsir edir. Təbii ki, ölkədə baş verən inflyasiya və digər səbəblər də qiymətlərə təsir göstərir".
Ekspert Rusiya və dünyada artan çay və kofe qiymətlərinin ölkəmizə ciddi təsir göstərməyəcəyini vurğulayıb:
"Son zamanlarda dünyada çay və qəhvə qiymətlərində də müəyyən artımlar müşahidə olunur. Lakin bunun Azərbaycana ciddi təsiri olacağını zənn etmirəm. Təbii ki, biz kofe məhsullarını xaricdən ixrac edirik. Lakin çay məhsulları ölkəmizdə istehsal olunur və onun qiyməti yerli bazardakı təlabata görə tənzimlənir. Azərbaycanda istehsal olunan məhsullar bizim təlabatımızın 80 faizindən çoxunu təmin edir. Düşünürəm ki, çay və kofe qiymətlərindəki artımlar Azərbaycan vətəndaşlarına böyük həcmdə təsir göstərməyəcək".
Pərviz