2023-ci ilin iyul ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 4 milyard 556 milyon manat təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb. Qeyd olunub ki, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2.2 dəfə artıb.
Maraqlıdır, bu artıma təsir edən əsas amillər nələrdir?
İqtisadçı ekspert Elman Sadıqov HİT.az-a açıqlamasında bildirib ki, ölkədə nağdsız ödənişlərin artmasını şərtləndirən bir neçə amil var:
"Əlbəttə ki, bu amillərin başında ilk növbədə İqtisadiyyat Nazirliyi və onun tabeliyindəki Dövlət Vergi Xidmətinin konkret olaraq nağdsız ödənişləri stimullaşdırmaq və genişləndirmək üçün atdığı addımlar gəlir. ƏDV-nin geri alınması ən çox effekt verən tədbirə çevrilib. Faktiki olaraq, ölkə üzrə bütün əhali bu xidmətdən istifadə edir. Burada nağdsız ödənişlər vasitəsilə qaytarılan ƏDV-nin payı nağd ödənişlərdə qayıdan ƏDV-lərdən də çoxdur. Nəticə etibarilə, əhali bu məsələdə nağdsız ödənişlərə üstünlük verir".
Ekspert qeyd edib ki, ikinci əsas amil də turizmin inkişaf etməsidir:
"Yəni bu ilin ilk 8 ayı ərzində 2021 və 2022-ci illərə nisbətən istər xaricdən gələn turistlərin sayının artması, istər daxili turizmin genişlənməsi nağdsız ödənişlərin artımını zəruri edən ikinci əsas amildir".
Elman Sadıqov vurğulayıb ki, üçüncü amil isə banklar tərəfindən istehlak kreditlərinin kredit kartları vasitəsilə verilməsidir:
"Kredit kartlarının genişlənməsi, şərtlərin insanlar üçün nisbətən uyğunluğu və güzəşt faktorunun olduğunu qeyd etmək lazımdır. Həmçinin, həmin kredit kartları ilə ödənişlərdən sonra ödənişin müəyyən faizinin kəşbek olaraq karta geri qayıtması da əhali tərəfindən nağdsız ödənişlərə marağı artıran əsas amillərdir.
Yəni həm hökumətin dəstəkləyici addımları və banklar tərəfindən müəyyən güzəştli şərtlərlə verilən kredit kartları, həm kredit kartlarından kəşbek qazanılması, həm də daxili və xarici turizmin artması ölkədə nağdsız ödənişlərin payını artıran əsas amillər sırasındadır".
Pərviz