Qalmaqallı ASC-nin rəhbərinə “stop” qoyuldu - Vergi borcunu niyə ödəmir

17:33 / 27.08.2023
468

"Azərbaycan Məişət Malları” ASC-nin sədrinin ölkədən çıxışı məhdudlaşdırılıb. 

Qaynarinfo xəbər verir ki, Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyeva bununla bağlı qətnamə çıxarıb. 

İş materiallarından məlum olur ki, "Azərbaycan Məişət Malları” ASC-nin vergi borcu olub. ASC borcu ödmədiyindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsi xüsusi icraat qaydasında məhkəməyə ərizə ilə müraciət edib. Hakim idarənin ərizəsini təmin edib. 

2 saylı Ərazi Vergilər İdarəsi məhkəməyə müraciət edərkən ASC-nin vergi borcu 3232,83 manat olub. Hazırda isə şirkətin vergi borcu 4732 AZN-dir. ASC ötən il 259 096, 64 AZN vergi borcu ilə gündəmə gəlib. 

2019-cu ildə isə "Azərbaycan Məişət Malları” ASC-nin həyətində icarə əsasında işlətdiyi metaləritmə sexindən 31 ton əlvan metal qırıntıları oğurlanıb. Əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları tərəfindən qısa müddətdə oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt sakinləri Anar Kərimov və Rəşad Əzizovu müəyyən edilərək saxlanılıb.

2016-cı ildə isə 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı ilə üzərində "Qaradağ AA UNİVERSAL” yazısı olan sement kisələrinin hazırlanması və satışı "Azərbaycan Məişət Malları” ASC-yə qadağan edilib.

2012-ci ildə ASC-də insan ölümü ilə nəticələnən partlayış verib. Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, ASC-nin ərazisində qaynaq işləri aparan Sumqayıt şəhər sakinləri Babayev Sabir Kərim oğlu, Səfərəliyev Əbülfət Əziz oğlu və Piriyev Piri Xuduş oğlu partlayış nəticəsində dünyasını dəyişib.

0