Xəbər verdiyimiz kimi, “Bakı Metropoliteni” QSC-nin ilk xanım maşinisti Günay Həbibli vəzifəsindən azad edilib.
Pravda.az G.Həbiblinin özü ilə əlaqə saxlayıb. G.Həbibli işdən çıxarılmasına səbəb qatarı idarə edərkən mobil telefondan istifadə etməsi, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq təlimat qaydalarını pozaraq mobil telefonla danışması barədə deyilənlərə belə cavab verib: “Səbəb bu deyil. Başqa heç nə deyə bilmərəm”.
O, qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun “Günay xanıma metroda başqa iş təklif edildi, amma o, həmin təklifi qəbul etməyərək işdən çıxmağı üstün tutdu” açıqlaması ilə də razılaşmayıb: “Mənə başqa heç bir iş təklif olunmayıb. İşimi hələ də sevirəm. Bundan sonra Allah nə yetirsə, o... Nə deyim?”
G.Həbibli 2019-cu il aprelin 1-dən “Bakı Metropoliteni” QSC-də maşinist kimi çalışırdı.