Son zamanlarda bəzi ərzaq məhsullarının qiymətində bahalaşma müşahidə olunur.
Marketlərdə və bazarlarda qiymətlər yüksək olaraq qalmağa davam edir. Əlbəttə ki, bu da öz növbəsində alıcıları ciddi şəkildə narahat edir. Üstəlik, yaxın aylarda bəzi ərzaq qiymətlərində yenidən artımların olacağı da proqnozlaşdırılır.
Ümumiyyətlə, yaxın zamanlarda hansı məhsulların bahalaşmasına şahid ola bilərik?
Mövzu ilə bağlı HİT.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, əslində Dövlət Statistika Komitəsinin elan etdiyi rəqəmlərdə ucuzlaşma olduğu görünür:
"Dövlət Statistika Komitəsinin iyul ayı üzrə açıqladığı məlumatlarda aylıq əsasda azalma müşahidə olunub. İnflyasiya da son 12 ayda ilk dəfə olaraq birrəqəmli həddə düşüb - 9,7%. Yəni inflyasiya azalır, artmır. Amma bu ilin 7 ayı ilə ötən ilin eyni dövrünü müqayisə etsək, 12,2 faizlik inflyasiya olduğunu görərik.
Dünya ərzaq qiymətləri indeksinə baxanda da avqust ayında kəskin azalmanın olduğunu görürük. Konkret olaraq, 2,1% azalma var. Demək olar ki, bütün istiqamətlərdə azalma olub. Ət, südçülük məhsulları və tərəvəz yağlarının qiymətlərində kəskin azalma müşahidə olunub. Həmçinin, taxıl məhsulları və buğda qiymətlərində də 3,8% azalma var".
Ekspert vurğulayıb ki, düyü qiymətlərinin bahalaşması davam edəcək:
"Bizi narahat edən bəzi qiymət artımları var. Məsələn, düyü qiymətləri 10 faizə yaxın (9,8%) bahalaşıb. Hətta bu, son 15 ilin ən yüksək səviyyəsidir. Biz də mağazalarımızda düyü qiymətlərinin hələ bahalaşmasını müşahidə edəcəyik. Həmçinin, şəkər qiymətlərində də artım davam edir".
Pərviz