Tramvay xətləri işğaldan azad edilən şəhərlərdə də çəkilə bilər

İQTİSADİYYAT
18:25 / 20.09.2023
899

Gələn il Naxçıvan şəhərində tramvay xəttinin layihələndirilməsi nəzərdə tutulur.

Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nda öz əksini tapıb.

Sənədə əsasən, bu məsələ ilə bağlı icraçı qurum Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir.

Maraqlıdır, Bakıda da tramvay xəttinin inşası aparıla bilərmi?

Hit.az-a açıqlamasında nəqliyyat sahəsi üzrə ekspert Aslan Əsədov bildirib ki, bu, tıxacların azalmasına əhəmiyyətli dərəcədə təsir edə bilər:

"Bu, çox yerində verilən qərardır. Düşünürəm ki, Naxçıvanda bunu layihələndirib inşa işlərinə başladıldıqdan sonra Bakıda da tətbiqinə başlanılacaq. Bu da tıxacların azalmasına əhəmiyyətli dərəcədə təsir edəcək. Gələcəkdə isə respublikanın böyük şəhərlərində bu xətlərin çəkilməsi məqsədəuyğun olar. Xüsusilə ekoloji cəhətdən bu yaxşı olardı. Böyük şəhərlərdə - Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, hətta  Şuşa şəhərində və işğaldan azad edilən digər şəhərlərimizdə də tramvay xətlərini inşa etmək mümkündür".

Aynur Əli

0