Rublun sürətlə ucuzlaşmasına səbəb nədir? - "İnflyasiya yüksəlir"

İQTİSADİYYAT
12:00 / 26.09.2023
586

Rusiyada inflyasiya 2024-cü ildə də yüksək səviyyədə qalacaq.

Bunu Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov deyib.

Onun sözlərinə görə, gələn il ölkəsindəki orta illik inflyasiya 7,2 faiz olacaq:
"Biz 2024-cü ilin dekabrında inflyasiyanın illik 4,5 faizə düşəcəyini gözləyirik. Lakin gələn il ərzində inflyasiya yüksək səviyyədə qalacaq”.

Maraqlıdır, Rusiya kimi nəhəng ölkə nə üçün yüksək inflyasiyasının qarşısını ala bilmir? Bunun hansı mənfi təsirləri olacaq?

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, təkcə Rusiya deyil, hətta ABŞ və Avropa İttifaqı belə inflyasiyanın qarşısını ala bilmir:

334463

"Bu inflyasiya prosesi son 3 ildə baş verib. Bunun da müxtəlif səbəbləri var. Səbəbləri pandemiya ilə əlaqədar təchizat zəncirində problemlərin yaranması və həddən artıq ucuz pul siyasəti idi. Yəni banklar pul buraxılışını artırdılar. Nəticə etibarilə, pulun dəyəri düşdü. Həmçinin, qlobal dəyər zəncirindəki tələb və təklif disproporsiyası, habelə Mərkəzi Bankların və hökumətlərin həddindən artıq ucuz pul siyasəti inflyasiyasının əsasını qoydu. 

Ondan sonra isə Rusiya-Ukrayna müharibəsi fonunda hökumətlər bir-birinə sanksiyalar tətbiq etdi, logistika kanallarının yerləri dəyişdi və enerji qiymətləri artdı. Enerji və logistika xərclərinin də artması inflyasiyanı sürətləndirdi. İndi isə uzun müddətdir inflyasiyanın aşağı salınması üçün mübarizə aparılır. Ümumiyyətlə, inflyasiya bir ölkənin problemi deyil".

Ekspert qeyd edib ki, rus rublu bu il 25-30 faizə qədər dəyər itirib:

"Təbii ki, bunun da inflyasiyaya təsiri olacaq. Çünki pul dəyər itirəndə inflyasiya yüksəlir. İnflyasiyanın yüksəlməsi ölkədə qiymət səviyyəsinin artması deməkdir. Yəni şirkətlər qiymətləri rublla artırırlar. Çünki rublun əvvəlki gücü yoxdur. Əgər insanların əllərində olan pulun dəyəri aşağı düşsə və real gəlirləri artmasa, onda əhalinin alıcılıq qabiliyyəti pisləşə bilər. Bu da müxtəlif seqmentlərə fərqli şəkildə təsir etməsinə gətirib çıxarar.

Ümumiyyətlə, insanlar kasıblaşanda qiymətlərə daha həssas yanaşırlar və bahadan ucuza keçirlər. Yəni inflyasiyanın təsirsiz keçəcəyini deyə bilmərik. İnflyasiya bir sektora mənfi, başqa bir sektora müsbət təsir göstərə bilər. Amma bu, ümumi şəkildə əhalinin kasıblaşma prosesidir. Nəzərə almaq lazımdır ki, qiymətlərin sürətlə artması əhalinin real gəlirlərini də azaldır".

Pərviz

0