Bu ilin ilk 8 ayı ərzində Azərbaycanın bank sektorunda işləyənlərin sayı 714 nəfər artıb.
Bu barədə Mərkəzi Bank məlumat yayıb. Bildirilib ki, bank sektorunda işləyənlərin sayı 23 min 491 nəfər təşkil edib. Ötən ilin sonunda isə bu say 22 min 777 nəfər idi. Təkcə avqust ayında bank sektorunda işləyənlərin sayı isə 172 nəfər artıb.
Maraqlıdır, insanların bankda çalışmağa marağının bu qədər artması nə ilə bağlıdır? Statistikadakı artışa təsir edən əsas amil nədir?
Mövzu ilə bağlı HİT.az-a açıqlama verən iqtisadçı ekspert Elşən Bağırzadə bildirib ki, iqtisadiyyatın maliyyə sektorunda, o cümlədən də banklarda çalışmaq dünyanın hər yerində prestijli hesab olunur:
"Azərbaycan da bu baxımdan istisna deyil. Bank sektorunda maaşların nisbətən yüksək olması və ölkənin bütün coğrafiyasını əhatə etməsi xüsusilə də gənclər üçün bu sektoru cəlbedici edir. Nəzərə alsaq ki, işğaldan azad edilmiş ərazilərin yenidən Azərbaycan iqtisadiyyatına inteqrasiyası prosesinə start verilib, o zaman əminliklə deyə bilərik ki, qarşıdakı illərdə də bu sektorda əlavə məşğulluq imkanları olacaq. Çünki Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında da maliyyə qurumları şəbəkəsinin qurulması baş verəcək".
Pərviz