Azərbaycanda nisyə mal alqı-satqısı ilə məşğul olanlarla bağlı yeni cərimələr müəyyənləşib. İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, “Kredit büroları haqqında” qanunun tələblərinə uyğun kredit tarixçələrini təşkil edən məlumatın kredit bürosuna müəyyən olunmuş qaydada, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək məbləğdə, hüquqi şəxslər 10 000 manatdan 12 000 manatadək cərimə ediləcəklər.
Neqativ məlumatları məhkəmələr də ötürməlidirlər
Hüquqşünas Ceyhun Cəfərli qanunun niyə qəbul olunduğunu, nəyə xidmət etdiyini açıqladı. Bildirdi ki, bu qanun təşkilatların, şirkətlərin özünə faydalıdır: “Kredit büroları haqqında” qanun 2016-cı ildə qəbul edilib. Bu qanunun qəbul edilməsində məqsəd hüquqi və fiziki şəxslərin kredit öhdəlikləri üzrə, cari və ödənilmiş borclarının, ipoteka, girov, saxlanc haqqında məlumat bazasının yaradılması, beləliklə, sabit maliyyə siyasətinin formalaşdırılması idi. Fiziki və hüquqi şəxsin borc öhdəlikləri barədə məlumatların hamısı kredit bürolarına ötürülməlidir. Bu məlumatlar portala elektron qaydada yüklənməlidir. Kredit büroları məlumatları toplayan, saxlayan, analiz edən təşkilatdır. O, bunları Mərkəzi Bank, sığorta şirkətləri, təkrar sığortaçılar - lizinq təşkilatları, kommunal xidmətlər göstərən təşkilatlar, rabitə xidmətləri, mobil operatorlar, mənzil-tikinti kooperativləri, iri ticarət mərkəzləri və lombardlardan toplayır. Məsələn, bir bank sizə kredit vermək istəyir və ya lizinq şirkəti avtomobil satır. Həmin şirkət haradan bilsin ki, maliyyə məsələləri ilə bağlı pozitiv və neqativ məlumatlarınız necədir? “Kredit büroları haqqında” qanunda var ki, neqativ məlumatları məhkəmələr də ötürməlidirlər. Məsələn, şəxs aliment borcunu, yaxud zərər vurmaqdan irəli gələn bir borcu ödəmir. Bu halda ona digər yerlərdə də kredit verilmir. Bu, insanların maliyyə intizamını gücləndirmək, məsuliyyət yaratmaq üçündür”.
Qanun məişət tipli nisyə mal satışına aid deyil
Hüquqşünas qeyd etdi ki, qanunda anlaşılmayan məsələ onun kimlərə şamil olunmasıdır. Bəzi insanlar elə bilirlər ki, bu, məişət tipli nisyə mal satışına da aiddir. Əslində isə burada müqavilə ilə kredit verən təşkilatlar nəzərdə tutulur: “Bu dəyişiklik qanunun tətbiqi zərurətindən irəli gəlir. Yəni, bir çox təşkilatlar qeyd olunan məlumatların açıqlanması tələbindən yayınırdılar. Amma unutmayaq ki, bu məlumatlardan yenə də şirkətlər özləri qarşılıqlı şəkildə faydalanacaq. Belə halda sabit maliyyə siyasəti həyata keçiriləcək. Şəxslərin maliyyə imkanlarına çıxışı bu məlumatlardan asılı olacaq. Həmçinin, məhkəmələrə qədər gedib çıxan məsələlərin də sayı azalmış olacaq. Sahibkarlar da qorunmuş olacaqlar. Lakin bu qanun kiçik sahibkarlara, məhəllə marketlərinə yox, qanuni müqavilə ilə tənzimlənən, rəsmi şəkildə nisyə mal satan şəxslərə aiddir”.
“O demək deyil ki, nisyə satış olmayacaq”
İqtisadçı Eyyub Kərimli şirkətlərin niyə qanuna əməl etmədikləri məsələsinə aydınlıq gətirdi. Onun sözlərinə görə, onlar bunu edərək məhsulun üzərinə faiz əlavə edib, əlavə gəlir qazanırlar: “Bu qanun insanlar arasında ajiotaj yaradıb. Amma əslində məsələnin fiziki şəxslərə çox da aidiyyəti yoxdur. Kimsə rayonda nisyə mal satırsa, bu qanun onlara qarşı yönəlməyib. Bu, əsasən kreditlə işləyən hüquqi şəxslərə şamil edilir. Əslində kreditlə mal satanlar üzərində gəlir götürürlər, lakin bunu elə qeyd edirlər ki, guya nisyə satışdır, əlavə pul qoymurlar. Vergidən yayınma üçün nisyə satış kimi qeydiyyata alırlar və vergi orqanlarına belə təqdim olunur. Bu halda onlar nisyə satdıqları məhsulu daha baha satırlar, üzərinə əlavə faiz qoyurlar və onun gəlirlərini gizlədirlər. Yəni, kredit kimi göstərmirlər. Bu qanun həmin halların qarşısının alınması üçündür. O demək deyil ki, nisyə satış olmayacaq. Sadəcə, məlumatların təqdim edilməməsinə görə cərimələr nəzərdə tutulub. Qanun barəsində məlumat az olduğu üçün insanlar arasında ajiotaj yaranır”.
Ekspertin fikrincə, əgər təşkilatlar məlumatları düzgün ötürərlərsə, bu halda qanun düzgün işləyəcək və insanların kredit məlumatları daha aydın şəkildə göstəriləcək: “Bu dəyişiklik vətəndaşlara təsir etməyəcək. Vergidən yayınma hallarının qarşısı alınacaq. Artıq vətəndaş hər hansı bir mağazadan, yaxud digər bir yerdən kreditə məhsul alanda rəsmi kredit tarixçəsində əks olunacaq ki, şəxsin krediti var”.
Məhsulları kreditlə daha baha əldə edəcəyik
İqtisadçı dedi ki, bu yeniliyin tətbiqindən sonra bəzi sahibkarlar bazardan çıxacaqlar, lakin bu, iqtisadiyyata təsir etməyəcək: “İndiyə qədər qeyri-rəsmi fəaliyyət göstərən kommersiya subyektləri ya fəaliyyətlərini rəsmiləşdirəcək, ya da işlərini dayandıracaqlar. Fəaliyyətini rəsmiləşdirməyən sahibkarlar bu sahədə artıq işləyə bilməyəcəklər. Lakin bazar böyük sarsıntı yaşamayacaq. Çünki əksər hallarda daha çox böyük şirkətlərin bu fəaliyyətlə məşğul olduğunu görürük. Onların da fəaliyyətlərini məhdudlaşdıracağını düşünmürəm. Bu baxımdan hesab etmirəm ki, istehlakçıya təsir etsin. Əksinə, istehlakçı daha zəmanətli, keyfiyyətli xidmət əldə edəcək. Sadəcə, qiymətlərdə artım müşahidə edilə bilər. Kreditlə olan məhsulları bir az baha əldə edəcəyik. Çünki rəsmiləşdirmədə xərclər artacaq”. ("Kaspi" qəzeti)