Rəqabət Məcəlləsinin layihəsinə əsasən, aşağı və ya yüksək inhisar qiymətlərinin tənzimlənməsi bazarda süni qiymət artımlarının qarşısını alacaq.
Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
O qeyd edib ki, yuxarı qiymətlərin müəyyən edilməsində əsas məqsəd bazarda süni qiymət artımlarının qarşısının alınmasıdır.
“Nəticədə məhsullar daha optimal və hətta daha ucuz qiymətə təklif olunacaq. Ona görə də bu qayda istehlakçılar üçün məhsulları daha optimal qiymətə almaları baxımından vacibdir.
Aşağı qiymət isə kiçik və orta sahibkarların qorunması baxımından vacibdir. Çünki bəzi hallarda inhisarçı şirkətlər məhsul və xidmətləri maya dəyərindən aşağı təklif etməklə digər sahibkarların bazardan çıxarılmasına nail olmağa çalışır”, - deyə deputat əlavə edib.
Qeyd edək ki, Rəqabət Məcəlləsi Milli Məclisin oktyabrın 2-də keçirilən iclasında birinci oxunuşda qəbul edilib. Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü ilə Rəqabət Məcəlləsinin layihəsi sentyabrın 7-də Milli Məclisə daxil olub. Rəqabət Məcəlləsinin layihəsi 12 fəsil 84 maddədən ibarətdir.
Rəqabət Məcəlləsinin qəbul olunması ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb etməklə, ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarını müəyyən edəcək. Yeni məcəllə, eyni zamanda istehlakçıların hüquqlarının müdafiəsini, məhsul və xidmətlərin keyfiyyətinin daha da artırılmasını hədəfləyir.